ABŞ fond bazarlarında eniş: Walmart səhmləri 6%-dən çox ucuzlaşdı

ABŞ fond bazarlarında cümə axşamı keçirilən ticarət sessiyasının əvvəlində əsas indekslər eniş nümayiş etdirib.

“GDP Media” xəbər verir ki, investorlar Yaxın Şərqdəki son hadisələri və iri şirkətlərin maliyyə hesabatlarını qiymətləndirirlər.

Bakl vaxtı ilə saat 17:50-yə olan məlumata əsasən, Dow Jones indeksi 0,42% azalaraq 49 797,64 bəndə düşüb. İndeksdə ən böyük geriləmə Walmart Inc. şirkətinin səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 6,1% ucuzlaşıb.

Walmart birinci maliyyə rübündə xalis mənfəət və gəlirlərini artıraraq bazar gözləntilərini üstələsə də, müqayisə olunan satışların artım tempi zəifləyib. Belə ki, göstərici əvvəlki rübdəki 4,6%-dən 4,1%-ə enib və bu, 2024-cü ilin əvvəlindən bəri ən zəif nəticə hesab olunur.

Bundan əlavə, şirkətin ikinci maliyyə rübü üzrə səhm başına korrektə edilmiş mənfəət proqnozu analitiklərin gözləntilərindən aşağı olub. Walmart 0,72–0,74 dollar aralığında mənfəət proqnozlaşdırdığı halda, FactSet analitiklərinin konsensus proqnozu 0,75 dollar təşkil edib.

Eyni zamanda, S&P 500 indeksi 0,47% azalaraq 7 398,01 bəndə, Nasdaq indeksi isə 0,52% geriləyərək 26 133,21 bəndə düşüb.

  • Əlaqədar Yazılar

    Bakı Fond Birjasının ticarət dövriyyəsi 43%-ə yaxın azalıb
    • İyun 3, 2026

    2026-cı ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ümumi ticarət dövriyyəsi 19 milyard 424 milyon 950 min manat təşkil edib….

    Davamı oxu
    İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib
    • İyun 3, 2026

    “PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan…

    Davamı oxu