Saudi Aramco-nun rəhbəri: “Hörmüz boğazı açılsa belə,enerji bazarının tam bərpası üçün aylar lazım olacaq”
Saudi Aramco-nun baş direktoru Əmin Nassir bildirib ki, Hörmüz boğazı dərhal açılsa belə, enerji bazarının tam bərpası üçün aylar lazım olacaq. GDP Media xəbər verir ki, şirkət rəhbəri, jurnalistlərə açıqlamasında deyib: “Əgər boğazın açılması daha bir neçə həftə gecikərsə, normalizasiya 2027-ci ilə qədər uzanacaq. Bu isə ciddi şəkildə tükənmiş ehtiyatların bərpası zərurəti ilə bağlı fikrimizi daha da gücləndirir”. Nassirin sözləri Qərb və Yaxın Şərqdə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səslənir. Hörmüz boğazı dünya neft ticarətinin təqribən 20%-nin keçdiyi strateji əhəmiyyətli bir su yoludur. Saudi Aramco rəhbərinin bu xəbərdarlığı, regionda gərginliyin davam etdiyi bir şəraitdə qlobal neft bazarında qeyri-müəyyənliyin yaxın aylarda da qalacağına işarə edir.

