Reyestr səlahiyyəti Agentliyə verildi, sertifikatlarda QR kod tətbiq olunacaq
  • May 12, 2026

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutan Qanunun tətbiqi ilə əlaqədar Prezidentin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə 2026-cı il 12 may tarixli 140 nömrəli Qərarını imzalayıb. GDP Medinin məlumatına görə, qərarla ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluq qiymətləndirilməsi, standartlaşdırma və texniki tənzimləmə sahələrində qəbul edilmiş bir neçə Nazirlər Kabineti qərarında əhəmiyyətli dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, ölçmə vasitələrinin kalibrlənməsi, attestasiya və sertifikatlaşdırma proseslərində rəqəmsallaşma genişləndirilir. Artıq kalibrlənmə haqqında sertifikatlar və ölçmə metodikalarının attestasiyası haqqında şəhadətnamələr Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılacaq, qeydiyyata alınacaq və hüquq sahibinin istəyinə uyğun olaraq elektron üsulla (o cümlədən elektron poçt vasitəsilə) və ya kağız daşıyıcıda təqdim ediləcək. Uyğunluq sertifikatları və bəyannamələrinin reyestrinin aparılması ilə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Reyestrə daxil edilən məlumatların siyahısı genişləndirilib – artıq orada uyğunluğu təsdiq edən sənədlər və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarlar da əks olunacaq. Bundan başqa, uyğunluq sertifikatlarının və bəyannamələrinin formasında da yeniliklər edilib. Sənədlərdə “möhür” və “imza” kimi tələblər çıxarılıb, onların əvəzinə QR kod tətbiq edilir. Sertifikatın verilməsindən imtina edildiyi təqdirdə, bu barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində təsərrüfat subyektinə təqdim ediləcək. Standartlaşdırma sahəsində isə normativ sənədlərin yoxlanılması tezliyi dəyişdirilib. əvvəllər hər il aparılan yoxlama, bundan sonra ən azı beş ildən bir həyata keçiriləcək. Eyni zamanda, standart anlayışına “tətbiqi könüllü olan normativ sənəd” kimi dəqiqləşdirmə verilib. Texniki tənzimləmə sahəsində isə idxal olunan mallara nəzarətin təşkili zamanı “bir pəncərə” prinsipi çərçivəsində məlumat mübadiləsinin əhatə dairəsi genişləndirilmiş, reyestrə uyğunluğu təsdiq edən sənədlər və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarlar da daxil edilib. Nazirlər Kabinetinin bu qərarı dövlət nəzarəti proseslərində rəqəmsallaşmanın dərinləşdirilməsi, inzibati maneələrin azaldılması və tənzimləmə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır. Qərar qüvvəyə minmiş hesab olunur.

Oxumağa davam edin