Azərbaycanın sığorta sektorunda yığımlar 3,6%, ödənişlər 24%, könüllü sığorta 12,8%, həyat sığortası 13,8% azaldı

Azərbaycanın sığorta bazarında 2026-cı ilin yanvar–aprel aylarında illik müqaisədə bazarda həyat və qeyri-həyat sığortası seqmentləri üzrə azalma müşahidə olunsa da, icbari sığorta növlərində ciddi artım qeydə alınıb. Bu isə sığorta bazarında struktur dəyişikliklərinin və istehlakçı davranışındakı transformasiyanın gücləndiyini göstərir.

“GDP Media” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar–aprel aylarında sığorta bazarı üzrə ümumi yığımlar 610 milyon 216 min manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 588 milyon 466 min manata düşüb. Beləliklə, bazarın ümumi həcmində 21 milyon 750 min manat və ya 3,6% azalma qeydə alınıb.

Bunun əksinə olaraq, sığorta ödənişləri 304 milyon 353 min manatdan 231 milyon 333 min manata enərək 73 milyon 20 min manat və ya 24% azalıb. Ödənişlərin daha sürətli azalması sığorta şirkətlərinin zərərlilik səviyyəsinin aşağı düşdüyünü və risk idarəetməsinin daha sərt tətbiq edildiyini göstərir.

Hesabat dövründə könüllü sığorta bazarında geriləmə daha qabarıq hiss olunub. 2025-ci ilin ilk dörd ayında könüllü sığorta haqları 518 milyon 2 min manat olduğu halda, 2026-cı ildə bu göstərici 451 milyon 856 min manata düşüb. Beləliklə, hesabata dövründə könüllü sığorta bazarında 66 milyon 146 min manat və ya 12,8% azalma qeydə alınıb. Ödənişlər isə 250 milyon 643 min manatdan 187 milyon 56 min manata enərək 63 milyon 587 min manat və ya 25,4% azalıb.

2026-cı ilin yanvar–aprel aylarında həyat sığortası seqmentində də azalma müşahidə olunur. Həyat sığortası üzrə yığımlar 348 milyon 739 min manatdan 300 milyon 477 min manata düşüb. Bu isə 48 milyon 262 min manat və ya 13,8% geriləmə deməkdir. Ödənişlər isə 206 milyon 61 min manatdan 146 milyon 719 min manata enərək 59 milyon 342 min manat və ya 28,8% azalıb.

Bu azalmanın əsas səbəbləri arasında əhalinin uzunmüddətli maliyyə öhdəliklərinə daha ehtiyatlı yanaşması, gəlirlərin risklər fonunda qorunması və investisiya tipli həyat sığortası məhsullarına marağın zəifləməsi göstərilir. Eyni zamanda, dəyişkən inflyasiya və istehlak xərclərinin artması vətəndaşların əlavə sığorta məhsullarına ayırdığı büdcəni məhdudlaşdırır.

Qeyri-həyat sığortası seqmentində də azalma qeydə alınıb. Bu sahə üzrə yığımlar 169 milyon 263 min manatdan 151 milyon 379 min manata düşərək 17 milyon 884 min manat və ya 10,6% azalıb. Ödənişlər isə 44 milyon 582 min manatdan 40 milyon 337 min manata enib ki, bu da 4 milyon 245 min manat və ya 9,5% geriləmə deməkdir.

Şəxsi sığorta seqmentində tibbi sığorta yenə də dominant mövqeyini qoruyur. Lakin burada da zəifləmə müşahidə edilir. Tibbi sığorta haqları 75 milyon 736 min manatdan 77 milyon 4 min manata yüksələrək 1 milyon 268 min manat və ya 1,7% artsa da, ümumi şəxsi sığorta seqmenti üzrə yığımlar cəmi 81 milyon 34 min manatdan 80 milyon 561 min manata düşüb. Bu isə bazarda digər şəxsi sığorta məhsullarına marağın zəiflədiyini göstərir.

Əmlak sığortası bazarında daha ciddi geriləmə qeydə alınıb. Seqment üzrə yığımlar 88 milyon 229 min manatdan 70 milyon 818 min manata enərək 17 milyon 411 min manat və ya 19,7% azalıb. Bu, xüsusilə daşınmaz əmlak bazarındakı dinamikanın azalamsı, biznes aktivliyinin zəifləməsi və korporativ sığorta portfellərinin optimallaşdırılması ilə əlaqələndirilir.

2026-cı ilin yanvar–aprel aylarında avtonəqliyyat vasitələrinin sığortasında da geriləmə müşahidə edilir. Bu sahə üzrə yığımlar 23 milyon 40 min manatdan 22 milyon 775 min manata düşərək 265 min manat və ya 1,1% azalıb. Bununla belə, ödənişlər 12 milyon 242 min manatdan 9 milyon 256 min manata enərək 24,4% azalıb. Bu isə sığorta hadisələrinin sayında və ya ödəniş məbləğlərində nisbi sabitləşməyə işarə edir.

Diqqəti cəlb edən əsas məqamlardan biri icbari sığorta bazarındakı artımdır. 2025-ci ilin ilk dörd ayında icbari sığorta haqları 92 milyon 213 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 136 milyon 610 min manata yüksəlib. Beləliklə, bu seqmentdə 44 milyon 397 min manat və ya 48,1% artım qeydə alınıb.

İcbari sığorta ödənişləri isə 53 milyon 710 min manatdan 44 milyon 277 min manata düşərək 9 milyon 433 min manat və ya 17,6% azalıb. Bu dinamika icbari sığorta bazarında həm əhatəliliyin genişləndiyini, həm də risklərin daha effektiv idarə olunduğunu göstərir.

Xüsusilə daşınmaz əmlakın icbari sığortası üzrə ciddi artım diqqət çəkir. Bu sahədə yığımlar 11 milyon 625 min manatdan 44 milyon 757 min manata yüksəlib. Nəticədə 33 milyon 132 min manat və ya təxminən 285% artım qeydə alınıb. Bu artım dövlət nəzarətinin güclənməsi, icbari sığorta tələblərinin daha sərt tətbiqi və vətəndaşların risklərə qarşı həssaslığının artması ilə izah olunur.

Ümumilikdə bazardakı mənzərə göstərir ki, Azərbaycan sığorta sektoru 2026-cı ilin yanvar–aprel aylarında daha çox icbari və zəruri məhsullar istiqamətində transformasiya olunur. Könüllü və investisiya yönümlü məhsullarda zəifləmə müşahidə olunsa da, icbari sığorta seqmentində sürətli böyümə bazarın strukturunu dəyişməyə başlayıb.

Beləliklə əgər iqtisadi aktivlik və əhalinin real gəlirləri növbəti aylarda artsa, könüllü sığorta seqmentində də yenidən canlanma müşahidə oluna bilər. Hazırkı mərhələdə isə bazar daha çox risklərin minimallaşdırılması və məcburi qorunma mexanizmləri üzərində formalaşır.

Müəllif: Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
    • İyun 5, 2026

    Son dövrlərdə Kredit Həyat Sığortasına maraq artıb. Bunun əsas səbəblərindən biri insanların kredit götürərkən gələcəkdə yarana biləcək riskləri də nəzərə…

    Davamı oxu
    İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
    • İyun 5, 2026

    “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS –…

    Davamı oxu