Cavid Quliyev: “Kreditlərin əlçatanlığını qorumaq üçün təmiz faiz marjamızı məqsədli şəkildə azaltmışıq”

PAŞA Bank son 3 ildə təmiz faiz marjasını 2 faiz bəndindən çox azaldıb.

“GDP Media” xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.Onun sözlərinə görə, bank bu addımı şüurlu və məqsədli şəkildə atıb.

Cavid Quliyev bildirib ki, maliyyə bazarında faiz xərclərinin və kapital dəyərinin artmasına baxmayaraq, PAŞA Bank kredit faizlərini sürətlə yüksəltmək yolunu seçməyib.“Əgər biz kredit faizlərini kəskin şəkildə artırsaydıq, gəlirlərimiz və mənfəətimiz daha yüksək artım tempi göstərə bilərdi. Lakin bizim biznes fəlsəfəmiz yalnız mənfəət əldə etmək deyil, biznes üçün tərəfdaş olmaqdır”, – deyə o vurğulayıb.

Bank rəhbəri qeyd edib ki, həm daxili bazarda, həm də idxal olunan inflyasiya fonunda kreditlərin əlçatan səviyyədə saxlanılması bankın əsas missiyalarından biridir.

Onun sözlərinə görə, məqsəd müştərilərin artan faiz yükü səbəbindən kredit məhsullarından imtina etməsinin və ya kreditləşməni ciddi şəkildə azaltmasının qarşısını almaq olub.

Cavid Quliyev bildirib ki, bankın 3,8 milyard manatlıq kredit portfeli yerli iqtisadiyyat, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün mühüm rol oynayır. Bu səbəbdən PAŞA Bank kredit bazarında aktivliyi və əlçatanlığı qorumaq məqsədilə marjanı azaltmaq qərarı verib.“Biz qısa müddətdə gəlirlərimizin və mənfəətimizin azalmasını qəbul edərək həcmin böyüməsinə üstünlük vermişik. Hesab edirik ki, uzunmüddətli dövrdə məhz həcm artımı bankın dayanıqlı mənfəət artımını təmin edəcək”, – deyə bank rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bu yanaşma bankın növbəti üçillik strateji dövrü üçün də əsas prioritetlərdən biri olacaq.

Müəllif:Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
    • İyun 19, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankı cari ilin iyun ayının 22-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən…

    Davamı oxu
    Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
    • İyun 19, 2026

    17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin…

    Davamı oxu