Coinbase ABŞ-da tənzimlənən birja infrastrukturu üzərindən kriptovalyuta fyuçerslərinin ticarətinə başlayacağını elan edib.
“GDP Media” xəbər verir ki, söhbət ABŞ Fyuçers Ticarəti Komissiyasının (CFTC) tələblərinə uyğun şəkildə ölkə daxilində müştərilər üçün təqdim olunacaq məhsullardan gedir.Bu addım kriptovalyuta bazarının daha da institusionallaşması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
İndiyədək bu tip alətlər əsasən ofşor platformalar və ya birjadankənar əməliyyatlar vasitəsilə əlçatan idi. Coinbase isə lisenziyalı platforma kimi iri kapital axını uğrunda ənənəvi birjalarla rəqabəti gücləndirməyə çalışır.
Analitiklər bildirirlər ki, tənzimlənən derivativ məhsulların genişlənməsi bazarda likvidliyi artırır və hedc fondları, eləcə də pensiya fondları kimi institusional investorların giriş maneələrini azaldır.
Bu təşəbbüs eyni zamanda ABŞ-da kriptovalyuta bazarının daha şəffaf və nəzarət olunan mühitdə inkişafına dəstək verən siqnal kimi qiymətləndirilir.


