ABB-nin vətəndaşlar üçün yeni investisiya imkanları yaradan istiqrazlarına abunə yazılışının üçüncü mərhələsi uğurla başa çatıb. “GDP Media” xəbər verir ki, bankın yaydığı məlumata görə, hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların böyük marağı ilə qarşılanıb.
Belə ki, hər iki istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 19,8 milyon manatı ötərək təklif olunan emissiya həcmindən təxminən iki dəfə çox olub.
İllik 9% gəlirlilik təklif edən 1 illik istiqrazlar üzrə sifarişlərin həcmi 9,1 milyon manata yaxınlaşıb. Bu buraxılış üzrə 227 investor iştirak edib və təqdim olunan 428 sifarişdən 425-i icra olunub. Nəticədə 224 investorun sifarişi təmin edilib.
İllik 10% gəlirlilik təklif edən 2 illik istiqrazlar üzrə isə sifarişlərin ümumi həcmi 10,8 milyon manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, təqdim olunan 398 sifarişdən 392-si icra olunub və 175 investorun sifarişi təmin edilib.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İnvestorlara faiz ödənişləri aylıq qaydada həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçirilib. Eyni zamanda, investorlar üçün istiqrazların təkrar bazarda alqı-satqısı imkanı da yaradılıb.
Bank qeyd edib ki, ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da töhfə verir. ABB-nin növbəti istiqraz emissiyaları barədə məlumatlar bankın rəsmi resurslarında açıqlanacaq.


