SpaceX, Tether və FED-dən bazarlara təsir edəcək qərarlar

Qlobal maliyyə, kriptovalyuta və texnologiya bazarlarında diqqətçəkən hadisələr baş verib.

GDP Media” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana 300 milyard dollar vəsait ayrıldığına dair yayılan məlumatları təkzib edərək, bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Eyni zamanda, kosmik texnologiyalar şirkəti SpaceX iri layihələrinin maliyyələşdirilməsi məqsədilə istiqraz satışı yolu ilə 20 milyard dollar vəsait cəlb etməyi planlaşdırır.

ABŞ Federal Ehtiyat Sistemi (FED) isə steyblkoin emitentləri üçün müştərilərin identifikasiyası proqramının (CIP) tətbiqini təklif edib. Bu təşəbbüs kriptovalyuta bazarında tənzimləmələrin daha da sərtləşdirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Texnologiya sahəsində Microsoft mütəxəssisləri USB daşıyıcılar vasitəsilə yayılan və kriptocüzdan ünvanlarını dəyişərək istifadəçilərin vəsaitlərini oğurlayan CryptoBandits adlı zərərli proqram aşkarlayıblar.

ABŞ-da çip istehsalının genişləndirilməsi ilə bağlı Donald Trampın Apple və Intel arasında əməkdaşlıq perspektivlərini açıqlamasından sonra Intel səhmləri təxminən 10% bahalaşıb.

Kriptovalyuta bazarında isə Tether aşağı tələbat səbəbindən Alloy platformasını və qızılla təmin edilmiş aUSDT steyblkoinini bağlamaq qərarı verib. Şirkət istifadəçilərə 17 sentyabr 2026-cı ilədək aktivlərini müvafiq qaydada dəyişdirməyi tövsiyə edib.

Amazon süni intellekt üçün hazırladığı Trainium çiplərinin satışını xarici müştərilər üçün də açmağa hazırlaşır. Bu addım şirkətin AI çipləri bazarında Nvidia ilə rəqabətini daha da gücləndirə bilər.

Maliyyə bazarlarında daha bir diqqətçəkən hadisə CME Group-un ABŞ Əmtəə Fyuçerslərinin Ticarəti Komissiyasına (CFTC) qarşı hüquqi iddia hazırlamasıdır. Mübahisə Kalshi və Coinbase kimi platformalar üçün müddətsiz fyuçers məhsullarının təsdiqlənməsi ilə bağlıdır.

Bununla yanaşı, Alchemy və Visa şirkətləri AgentCard adlı virtual ödəniş kartını təqdim ediblər. Yeni məhsul süni intellekt agentlərinə mal və xidmətlərin ödənişini insan müdaxiləsi olmadan həyata keçirməyə imkan verəcək.

Yaxın Şərqdə Oman hökuməti Bitcoin infrastrukturunun inkişafına 1,1 milyard dollar sərmayə yatırdıqdan sonra ölkənin ilk milli BTC mayninq hovuzunu istifadəyə verib.

İnvestisiya şirkəti ARK Invest isə portfelində dəyişiklik edərək 18 milyon dollar dəyərində Coinbase səhmləri alıb, eyni zamanda 29 milyon dollar həcmində Robinhood səhmlərini satıb. Analitiklər bunu şirkətin kriptovalyuta sektoruna marağının artmasının göstəricisi kimi qiymətləndirirlər.

  • Əlaqədar Yazılar

    BlackRock: “Bitkoinin faydalılığı var”
    • İyun 18, 2026

    2025-ci ilin noyabrında dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan BlackRock bəyan edib ki, spot Bitkoin ETF-i – IBIT…

    Davamı oxu
    Brent neftinin qiyməti 77 dollara qədər ucuzlaşıb
    • İyun 18, 2026

    Dünya bazarında Brent markalı neftin qiyməti 77 ABŞ dollarına qədər geriləyərək son günlərdə qeydə alınan artımın böyük hissəsini itirib. “GDP…

    Davamı oxu