Bakı Fond Birjasında “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.
“GDP Media” xəbər verir ki, tədbirdə çıxış edən “Troni İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı Direktoru Elmidar Şirinzadə bildirib ki, istiqraz emissiyasının nəticələri Azərbaycanda korporativ istiqraz bazarına marağın artdığını göstərir.
Onun sözlərinə görə, emissiya çərçivəsində 105 investor tərəfindən sifariş təqdim edilib, eyni zamanda investorların iştirakı 6 müxtəlif investisiya şirkəti vasitəsilə təmin olunub. Bu göstəricilər kapital bazarlarının genişlənməsini, investor bazasının şaxələnməsini və bazara etimadın gücləndiyini nümayiş etdirir.
E.Şirinzadə qeyd edib ki, layihə yalnız istiqraz yerləşdirilməsi deyil, həm də real iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində atılmış mühüm addımdır. O vurğulayıb ki, müasir maliyyə bazarlarında kapital bazarları şirkətlərə bank kreditlərinə alternativ və çevik maliyyələşmə imkanları təqdim edir və Azərmaş bu istiqamətdə uğurlu nümunələrdən birinə çevrilib.
Baş icraçı direktor bildirib ki, “Troni İnvestisiya Şirkəti”nin strateji məqsədlərindən biri istehsal, sənaye, logistika, kənd təsərrüfatı və digər qeyri-maliyyə sektoru şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşdirilməsinə dəstək verməkdir.
O, Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən inkişaf potensialına malik şirkətlərin istiqraz emissiyası hesabına bizneslərini genişləndirə, investisiya layihələrini maliyyələşdirə və maliyyə mənbələrini diversifikasiya edə biləcəklərini qeyd edib.
E.Şirinzadə kapital bazarlarına çıxmağı planlaşdıran şirkətləri əməkdaşlığa dəvət edərək, emitentlərə strukturlaşdırma, anderraytinq, yerləşdirmə və investorlarla əlaqələrin qurulması istiqamətində hərtərəfli dəstək göstərməyə hazır olduqlarını bildirib.
Sonda o, Azərmaş Group-un istiqrazlarının uğurlu yerləşdirilməsinin gələcəkdə digər istehsal və qeyri-maliyyə sektoru şirkətləri üçün də müsbət nümunə olacağına əminliyini ifadə edib.


