İyunun 12 “PAŞA Bank” ASC-nin ilkin kütləvi səhm təklifi (IPO) üzrə abunə yazılışı mərhələsi uğurla başa çatıb. Bu münasibətlə “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov bildirib ki, sözügedən hadisə təkcə bir maliyyə institutunun uğuru deyil, bütövlükdə ölkənin kapital bazarlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, PAŞA Bank maliyyə ekosisteminin əsas iştirakçılarından biri olmaqla yanaşı, uzun illər ərzində formalaşmış etimadın, dayanıqlı inkişafın və strateji baxışın nəticəsi olaraq kapital bazarına çıxış edib.
“Bu nailiyyəti xüsusi əhəmiyyətli edən yalnız investorların yüksək marağı deyil. 20 mindən artıq sifarişin daxil olması və IPO-nun artıq tələblə qarşılanması bazarın potensialını bir daha nümayiş etdirdi. Daha önəmlisi isə, bu hadisənin gələcək üçün ifadə etdiyi mənadır. Bu nəticə göstərir ki, Azərbaycanın kapital bazarları şəffaflıq, mülkiyyət iştirakçılığı, investisiya imkanları və uzunmüddətli dəyər yaradılması kimi məsələlər ətrafında daha geniş müzakirələrə hazırdır”, – deyə F.Məmmədov qeyd edib.
Holding rəhbəri vurğulayıb ki, ölkədə özəl sektor tərəfindən həyata keçirilən ilk IPO kimi bu addım mühüm presedent yaradır və digər şirkətlərin də kapital bazarlarına çıxışını təşviq edə bilər.
“Bu, şirkətləri daha böyük hədəflər müəyyən etməyə, bazara açılmağa və daha geniş investor icması ilə etibarlı münasibətlər qurmağa həvəsləndirə bilər. Bu isə biznes mühitinin, maliyyə sektorunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək”, – o bildirib.
F.Məmmədov IPO prosesinin uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib, xüsusilə PAŞA Bankın İdarə Heyətinin sədri Javid Quliyevi və bankın kollektivini təbrik edib.
“PAŞA Maliyyə Holdinqi üçün bu hadisə güclü korporativ idarəetməyə, aydın strategiyaya, məsuliyyətli inkişafa və peşəkar insan kapitalının formalaşdırılmasına verdiyimiz önəmin növbəti təsdiqidir. Məhz bu prinsiplər şirkətlərimizin yalnız böyüməsinə deyil, həm də daha geniş iqtisadi dəyər yaratmasına imkan verir”, – deyə o əlavə edib.
Sonda Fərid Məmmədov PAŞA Bankı tarixi nailiyyət münasibətilə təbrik edərək bildirib ki, bu uğur həm Bank, həm PAŞA Qrupu, həm də Azərbaycanın maliyyə bazarları üçün yeni və uğurlu inkişaf mərhələsinin başlanğıcıdır.


