Yaxın Şərqdə gözlənilən sülh addımı qlobal enerji bazarında kəskin reaksiyaya səbəb olub.
“GDP Media” xəbər verir ki,İranla atəşkəs razılaşmasının əldə olunmasından sonra neft qiymətləri müharibə dövründən bəri ən aşağı göstəriciyə düşüb.
Beynəlxalq bazarda WTI (West Texas Intermediate) neftinin qiyməti 73 dollar səviyyəsində qərarlaşıb. Bu, ötən ilin aprel ayında qeydə alınan 107 dollarlıq pik göstərici ilə müqayisədə 38%ucuzlaşma deməkdir. Analitiklərin fikrincə, bu kəskin düşüşün əsas səbəbi regionda geosiyasi gərginliyin azalması və tədarükün bərpa olunacağı gözləntisidir.
ABŞ enerji şirkətlərinin səhmləri açılışda çökür
Neft qiymətlərindəki tənəzzül birbaşa ABŞ-ın iri neft şirkətlərinin səhmlərinə də təsir göstərib. Birja açılışında enerji sektoru ağır itkilərlə üzləşir:
- Chevron – 2,2% dəyər itirib
- Exxon Mobil – 3% geriləyib
- ConocoPhillips – 2,8% ucuzlaşıb
- Occidental Petroleum Corp. – 2,8% enib
- APA Corp. – 3,8% aşağı düşüb
Bazar iştirakçıları yaxın günlərdə neft hasilatının artacağı və qiymətlərin daha da düşə biləcəyi ehtimalını irəli sürürlər. Lakin bəzi ekspertlər uzunmüddətli perspektivdə tələbatın yenidən artacağını və bazarın tarazlaşacağını proqnozlaşdırırlar.


