İsrafil Məmmədov: “ARDNF-nin İtaliyaya investisiya qoyuluşu 3 milyard dollardır”

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarının ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir.

“GDP Media” ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov İtaliyaya işgüzar səfəri çərçivəsində Romada keçirilən “FII Priority Europe” Forumunda iştirak edərkən “Avropanın gələcək infrastruktur inkişafını kim maliyyələşdirəcək?” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə ARDNF-nin qlobal investisiya portfelində investisiya həcminə görə dördüncü ən böyük istiqamət olaraq yer alır.

İ. Məmmədov uzunmüddətli kapitalın irihəcmli infrastruktur layihələrinin maliyyələşdirilməsində oynadığı rolun müzakirə olunduğu panel müzakirəsində çıxışında qeyd edib ki, qlobal miqyasda investisiya kapitalının həcmi kifayət qədər yüksəkdir: “Əsas çağırış isə bu resursların institusional standartlara cavab verən yüksək keyfiyyətli layihələrə effektiv şəkildə yönləndirilməsidir.

ARDNF-nin bu yanaşmanı praktikada necə tətbiq etdiyini izah edən İcraçı direktor bildirib ki, Fond bütün bazarlarda investisiya qərarlarını sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında formalaşdırır: “İtaliyadakı sərmayələrimiz də bunun bariz nümunəsidir. Nəqliyyat və enerji sektorlarında uzunmüddətli perspektivdə portfelimizdə saxlamağı hədəflədiyimiz yüksək keyfiyyətli infrastruktur aktivlərinə sərmayə yatırmışıq”.

Tədbirdə əsas diqqət Avropanın enerji, texnologiya, təhlükəsizlik və maliyyə sahələrində strateji müstəqilliyinin gücləndirilməsinə yönəlib. Dünyanın aparıcı investorlarını, dövlət xadimlərini və innovasiya sahəsinin nümayəndələrini bir araya gətirən Forumda kapitalın Avropanın uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.

İşgüzar səfər çərçivəsində ARDNF-nin İcraçı direktoru dövlət qurumları, özəl sektor və suveren fondların nümayəndələri ilə bir sıra görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələlər, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında məhsuldar müzakirələr aparıb.

Xatırladaq ki, gələcək İnvestisiya Təşəbbüsü (FII) İnstitutu tərəfindən təşkil olunan və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) təsisçi tərəfdaş qismində dəstəklədiyi tədbir “Yeniləşən Avropa: Kapital, suverenlik və strateji muxtariyyət” mövzusu üzrə keçirilib.

  • Əlaqədar Yazılar

    TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
    • İyun 19, 2026

    TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan…

    Davamı oxu
    Vəfa Rüstəmova Bir ekosisteminin daxili kommunikasiyalarına rəhbərlik edəcək
    • İyun 18, 2026

    Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir. “GDP Media”xəbər verir ki, o,…

    Davamı oxu