ABŞ Konqresində Çin kapitallı şirkətlərin Amerika avtomobil bazarına təsirini məhdudlaşdırmağa yönəlmiş yeni qanun layihələri müzakirə olunur.
“GDP Media” xəbər verir ki, layihəyə əsasən, “düşmən dövlətlər” hesab edilən Çin, Rusiya və Şimali Koreya ilə əlaqəli iri səhmdarlara malik avtomobil istehsalçılarına ABŞ-də avtomobil istehsalı, idxalı və satışı qadağan oluna bilər.
Bu təşəbbüs fonunda Almaniyanın Mercedes-Benz şirkəti risk zonasına düşüb. Belə ki, Çin dövlət şirkəti olan BAIC Group Mercedes səhmlərinin təxminən 10%-nə sahibdir.
Bundan əlavə, Geely şirkətinin qurucusu Li Şufunun da şirkətdə 9,7% payı var.Beləliklə, Çin mənşəli investorların Mercedes-də ümumi payı təxminən 20%-ə çatır. Halbuki qanun layihəsində müəyyən edilən hədd 15% təşkil edir.
Scalable Capital şirkətinin iqtisadçısı Kristian Röl Mercedes-in ABŞ bazarında mümkün qadağa ilə üzləşməsini “fəlakət” adlandırıb.
Ekspertlər hesab edirlər ki, qanun layihəsinin qəbul olunacağı təqdirdə bu addım qlobal avtomobil sənayesində yeni ticarət və investisiya riskləri yarada bilər.


