Taleh Kazımov: “Sudanla pul siyasəti və maliyyə texnologiyaları sahəsində əməkdaşlığı gücləndiririk”

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Mərkəzi Bankının sədri Amna Mirqani rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı tərəflər makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmaları müzakirə ediblər.

Bununla yanaşı, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda Azərbaycan və Sudan Mərkəzi Bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Sənəd çərçivəsində təcrübə mübadilələrinin aparılması, təlim və seminarların təşkili, birgə tədqiqatların həyata keçirilməsi və bilik mübadiləsinin genişləndirilməsi də diqqət mərkəzində olacaq.

  • Əlaqədar Yazılar

    Vəfa Rüstəmova Bir ekosisteminin daxili kommunikasiyalarına rəhbərlik edəcək
    • İyun 18, 2026

    Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir. “GDP Media”xəbər verir ki, o,…

    Davamı oxu
    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Bakıda yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib
    • İyun 18, 2026

    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Valyuta Mübadiləsi Fondu (TCX) islam maliyyələşdirməsi normalarına uyğun hazırlanmış tədarüksüz hecinq alətinin…

    Davamı oxu