Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir.
“GDP Media”xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Bir ekosistemində Daxili Kommunikasiyalar Funksional Lideri (Internal Communications Functional Lead) vəzifəsinə təyin olunub.
V.Rüstəmova bildirib ki, PR və korporativ kommunikasiya istiqamətində qazandığı təcrübəni Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemində təşkilatdaxili bağlılığın, şəffaflığın və vahid korporativ mədəniyyətin gücləndirilməsinə yönəltməyi hədəfləyir.
Qeyd edək ki, Vəfa Rüstəmova kommunikasiya, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində 15 ildən artıq iş təcrübəsinə malikdir. O, peşəkar fəaliyyətinə 2011-ci ildə “İrəli” İctimai Birliyində PR və mətbuat katibi kimi başlayıb. Daha sonra Azərbaycan Sığortaçılar Assosiasiyasında Marketinq Kommunikasiyaları üzrə mütəxəssis, Fins.az-da Marketinq Kommunikasiyaları Meneceri, ENGIN şirkətində Korporativ Kommunikasiyalar üzrə mütəxəssis və TooFun şirkətində Marketinq Kommunikasiyaları üzrə mütəxəssis kimi çalışıb.
2019-2026-cı illərdə “Kontakt Home” şirkətində fəaliyyət göstərən V.Rüstəmova son olaraq Brend Kommunikasiyaları Departamentinin rəhbəri vəzifəsini icra edib. Bu müddət ərzində o, şirkətin kommunikasiya strategiyasının hazırlanması və icrası, korporativ imicin formalaşdırılması, media və ictimaiyyətlə əlaqələrin idarə olunması istiqamətlərinə rəhbərlik edib.
Bundan əlavə, o, 2019-cu ildə UEFA Avropa Liqasının Bakı finalı və Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində hava limanı əməliyyatları üzrə koordinator və nəzarətçi vəzifələrində də çalışıb.
Yeni vəzifəsində Vəfa Rüstəmova Bir ekosistemində daxili kommunikasiya strategiyasının formalaşdırılması, əməkdaş məmnuniyyətinin və korporativ bağlılığın artırılması, eləcə də vahid təşkilati mədəniyyətin inkişafı istiqamətində fəaliyyət göstərəcək.


