“Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib ki, Money20/20 Europe maliyyə və fintech sahəsində dünyanın ən nüfuzlu və ən böyük beynəlxalq tədbirlərindən biridir. Onun sözlərinə görə, tədbirdə hər il onlarla ölkədən minlərlə nümayəndə, yüzlərlə bank, ödəniş təşkilatı, elektron pul qurumu, fintech şirkəti və investor iştirak edir.
“GDP Media”-nın məlumatına görə, Edqar Abdullayev qeyd edib ki, o, hər il həm United Payment və Moka United nümayəndəsi, həm də Azərbaycan Fintech Assosiasiyasının təmsilçisi qismində bu tədbirdə iştirak edir.
“Bu platformada ölkəmizi və Azərbaycanın maliyyə ekosistemini beynəlxalq auditoriyaya tanıdır, ölkəmizin nüfuzunun və tanınmasının artırılmasına töhfə verirəm”, – deyə o vurğulayıb.
AzFina sədri əlavə edib ki, tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, yeni tərəfdaşlıqların yaradılması, həmçinin tanınmış lisenziyalı elektron pul və ödəniş təşkilatları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirilir.
Onun sözlərinə görə, bu görüş və danışıqlar beynəlxalq ödəniş xidmətlərinin təşkili və təchiz olunması, innovativ maliyyə həllərinin ölkəmizə gətirilməsi, eləcə də Azərbaycanın qlobal ödəniş ekosisteminə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.











