Yaxın Şərqdə geosiyasi gərginliyin artması dünya enerji bazarlarında neft qiymətlərinin yüksəlməsinə səbəb olub. ABŞ-ın İran ərazisinə endirdiyi zərbələr və İranın Hörmüz boğazını bütün gəmilər üçün bağladığını açıqlaması neft bazarlarında narahatlığı artırıb.
“GDP Media” xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 08:20-yə olan məlumata əsasən bir barel üçün 94,01 ABŞ dollarına yüksəlib. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,91 dollar və ya 0,98 faiz artım deməkdir.
ABŞ-ın Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin iyul fyuçersləri də bahalaşıb. Belə ki, WTI neftinin qiyməti 1,08 dollar və ya 1,2 faiz artaraq bir barel üçün 91,11 ABŞ dollarına çatıb.
Ekspertlər qeyd edirlər ki, dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında yaranan risklər bazarlarda təkliflə bağlı narahatlıqları gücləndirib. Bu isə investorların neft qiymətlərinin daha da yüksələ biləcəyi ehtimalını qiymətləndirməsinə səbəb olub.


