Samir Nəsirov: “Ölkəyə daxil olan pul köçürmələrinin həcmi 29% artaraq 297 milyon dollar olub”

2026-cı ilin birinci rübünün nəticələrinə görə, ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 9,5%-i həcmində, yəni 1,7 milyard dollar məbləğində profisit qeydə alınıb.

 Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Direktor qeyd edib ki, hesabat dövründə tədiyyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib. Cari əməliyyatlar balansında profisitin formalaşmasına əsasən xarici ticarət balansı, təkrar gəlirlər balansı və ilkin gəlirlər balansı təkan verib. Bu dövrdə mənfi saldo yalnız xidmətlər balansında müşahidə olunub.

Xarici ticarət balansı 2 milyard dollarlıq profisitlə yekunlaşıb. Bu dövrdə ölkənin ixracı 5,9 milyard dollar, idxalı isə 3,9 milyard dollar təşkil edib. Qeyri-neft ixracı isə 813 milyon dollar olub və keçən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım göstərib.

Samir Nəsirovun sözlərinə görə, hesabat dövründə Azərbaycan neftinin orta qiyməti 79,5 dollar (illik 7% artım), təbii qazın qiyməti isə 1000 kubmetr üçün 268 dollar təşkil edib.

Xidmətlər balansında kəsir 590 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azalma deməkdir. Xidmətlər balansında əsas mənfi təsir tikinti və neft-qaz sektoruna aid digər biznes xidmətləri hesabına formalaşıb. Bununla yanaşı, nəqliyyat xidmətləri üzrə profisit 506 milyon dollar təşkil edərək illik müqayisədə 54% artıb. Bu artım əsasən Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi üzrə tarif gəlirlərinin artması ilə bağlıdır. Turizm xidmətləri də bu dövrdə profisitlə yekunlaşıb.

İlkin gəlirlər balansı ilk dəfə olaraq 38 milyon dollarlıq profisitlə formalaşıb. Burada əsas rolu qiymətli kağızlar portfelindən əldə olunan faiz gəlirləri oynayıb – xalis faiz gəlirləri 234 milyon dollar təşkil edərək illik müqayisədə 50% artıb. Profisitin digər mühüm komponenti xaricdə fəaliyyət göstərən Azərbaycan müəssisələrinin yenidən investisiyalaşdırılmış gəlirləri olub.

Təkrar gəlirlər balansında profisit 178 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67% çoxdur. Ölkəyə pul köçürmələrinin həcmi 29% artaraq 297 milyon dollara, ölkədən çıxan pul köçürmələri isə 8% azalaraq 104 milyon dollara çatıb. Pul köçürmələrinin daxilolmalarında ilk beşlikdə Rusiya, Türkiyə, İrlandiya, ABŞ və Böyük Britaniya; ölkədən çıxan köçürmələrdə isə Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya və Gürcüstan qərarlaşıb.

Kapital və maliyyə əməliyyatları balansına nəzər salsaq, bu dövrdə xalis maliyyə aktivləri 181 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə təxminən 2 milyard dollar azalıb. Xaricə birbaşa investisiyalar 1,1 milyard dollar təşkil edib ki, bu investisiyaların əsas həcmi Türkiyə, Böyük Britaniya, Gürcüstan, Özbəkistan və ABŞ-a yönəlib. Azərbaycan iqtisadiyyatına isə 1,72 milyard dollar birbaşa xarici investisiya cəlb olunub – bu sahədə lider ölkələr Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İrandır. Eyni zamanda, ölkədən 1,65 milyard dollar həcmində investisiyaların repatriasiyası (əsasən neft-qaz sektoru üzrə) həyata keçirilib.

Kapital və maliyyə balansında kəsirin yaranmasına səbəb portfel investisiyaları olub. Burada maliyyə öhdəliklərinin 2 milyard dollar azalması Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində buraxılmış avrobondların geri alınması ilə bağlıdır. Digər investisiyalar maddəsi üzrə isə xalis maliyyə aktivləri 749 milyon dollar azalıb ki, bu da əsasən depozitlər və nostro müxbir hesablardakı vəsaitlərin həmin öhdəliklərin ödənilməsinə yönəldilməsi ilə izah olunur.

Nəticədə, ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 323 milyon dollar azalsa da, strateji valyuta aktivləri rüb ərzində 117,4 milyon dollar artaraq 85,2 milyard dollara çatıb. Samir Nəsirov vurğulayıb ki, strateji ehtiyatların bu həcmdə olması ölkənin makroiqtisadi dayanıqlığının gücləndiyini və maliyyə resurslarının genişləndiyini sübut edir. O qeyd edib ki, cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin 9,5% təşkil etməsi makroiqtisadi sabitlik baxımından müsbət haldır.

Müəllif: Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    PAŞA Bank-ın baş maliyyə inzibatçısı: “Azərbaycan Avropa, Asiya, Türkiyə və Yaxın Şərqi birləşdirən mərkəzdir”
    • İyun 16, 2026

    “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, PAŞA Bank ASC-nin IPO üzrə abunə yazılışı başa…

    Davamı oxu
    IsDB Bakıda 2,8 milyard dollarlıq inkişaf maliyyələşdirmə paketini təsdiqləyib
    • İyun 16, 2026

    İslam İnkişaf Bankının (IsDB) İcraçı Direktorlar Şurası Bakıda keçirilən 2026-cı il IsDB Qrupu illik toplantılarında 2,8 milyard ABŞ dolları həcmində…

    Davamı oxu