Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Mərkəzi Bankının sədri Amna Mirqani rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmaları müzakirə ediblər.
Bununla yanaşı, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda Azərbaycan və Sudan Mərkəzi Bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Sənəd çərçivəsində təcrübə mübadilələrinin aparılması, təlim və seminarların təşkili, birgə tədqiqatların həyata keçirilməsi və bilik mübadiləsinin genişləndirilməsi də diqqət mərkəzində olacaq.






