Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib.
“GDP Media” xəbər verir ki,hesabata əsasən, 2026-cı ildə səyahət qərarlarına makroiqtisadi şərait, süni intellekt və şəxsi motivasiya əsas təsir göstərən amillər olacaq.
Araşdırmada qeyd olunur ki, səyahətçilər səfərlərdən imtina etməsələr də, dəyişən qlobal mühitə uyğun olaraq istiqamət, vaxt, büdcə və prioritetlərini daha diqqətlə seçirlər. Valyuta məzənnələri, enerji qiymətləri, geosiyasi vəziyyət və nəqliyyat imkanları səyahət planlarına təsir göstərir.
Hesabatda süni intellekt əsaslı alətlərin də səyahət planlaşdırmasında rolunun artdığı bildirilir. Bu alətlər turistlərə yalnız məşhur istiqamətləri deyil, şəxsi maraqlarına uyğun mədəniyyət, qastronomiya, sağlamlıq, tədbir və yerli təcrübələri də kəşf etməyə kömək edir.
Azərbaycan kimi çoxşaxəli turizm potensialına malik bazarlar üçün bu tendensiya yeni imkanlar yaradır. Bakı şəhər həyatı, mədəni irs, yerli mətbəx, təbiət və regional marşrutlar fərdi motivasiyaya əsaslanan səyahətlər üçün cəlbedici imkanlar təqdim edir.
Mastercard bildirir ki, səyahətlərin daha rəqəmsal və fərdi xarakter aldığı dövrdə təhlükəsiz və rahat ödəniş həlləri turizm təcrübəsinin vacib hissəsi olaraq qalır.


