“ABB-İnvest” İnvestisiya şirkətinin icraçı direktoru Nadir Babazadə bu gün keçirilən “2025-ci ilin yekunlarına dair mətbuat konfransında” şirkətin maliyyə ilini ümumilikdə pozitiv notlarla bağladığını açıqlayıb.
Bildirilib ki, İnvestisiya şirkətinin mənfəətliliyi 2,3 milyon manatdan bir qədər artıq olub. Gəlirlər 2024-cü illə müqayisədə 5 faiz artımla başa çatıb. Faiz gəlirlərində 16 faiz, qeyri-faiz gəlirlərində isə 8 faiz artım qeydə alınıb. Xalis mənfəətdə 1 faizdən artıq mənfəət əldə edilib ki, bu da şirkət tərəfindən stabillik əlaməti kimi qiymətləndirilir. Aktivlərdə də artım baş verib.
Səhmdarlar perspektivindən şirkət səhmdarlarına 3 milyon manat məbləğində dividend ödənişi edib. Ödəniş cari ilə aid olsa da, yığılmış bölüşdürülməmiş mənfəətin hesabına həyata keçirilib.
Nadir Babazadə həmçinin 2024-cü ildə ABB-nin həyata keçirilən səhm emissiyasını xatırladaraq bildirib ki, İnvestisiya şirkəti səhmlərin təkrar bazarda davranışını, bazar sentimentini və müştərilərin davranışını mütəmadi olaraq nəzarətdə saxlayır. İPO-dan sonrakı dövrdə ABB səhmləri üzrə təxminən 22 milyon manatlıq təkrar bazar əməliyyatları baş verib. Bu əməliyyatlar 27 mindən çox əqd vasitəsilə həyata keçirilib. Təqribən 80 milyon ədəd ABB səhmi təkrar bazarda dövriyyə edib.
Müəllif: Aynur Qəniyeva


