Cümə axşamı günü ticarətin başlanğıcında ABŞ fond bazarlarında yüksəliş müşahidə olunub. İnvestorlar ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinping arasında gedən danışıqları, açıqlanan statistik göstəriciləri və şirkətlərin hesabatlarını qiymətləndirirlər.
GDP Media xəbər verir ki, Cisco Systems şirkətinin səhmləri ticarət zamanı 13% bahalaşaraq liderlər sırasında olub. Şəbəkə avadanlıqları istehsalçısı güclü üçüncü rüb nəticələrindən sonra cari maliyyə ili üçün proqnozlarını yaxşılaşdırıb və cari rübdə işçi sayını 5% azaldacağını açıqlayıb.
Bununla yanaşı, Nvidia səhmləri də 3% dəyər qazanıb. Mətbuata sızan məlumata görə, ABŞ Ticarət Nazirliyi təxminən on Çin şirkətinə Nvidia-nın istehsalı olan H200 süni intellekt çiplərini almağa icazə verib.
Göstəricilər (Bakı vaxtı ilə saat 17:00-a olan məlumat):
- Dow Jones – 0,5% artım (49 943,21 bənd)
- S&P 500 – 0,29% artım (7 465,69 bənd)
- Nasdaq – 0,38% artım (26 502,16 bənd)


