ABB-İnvest-də xərclər çoxalsa da, mənfəəti də 1.5% artıb- İnvestisiya portfeli isə 5,2 milyon manat azalıb

ABB-İnvest İnvestisiya Şirkəti” QSC 2025-ci ili maliyyə dayanıqlığının güclənməsi, kapital bazası və məcmu gəlirlər üzrə artımla başa vurub. Hesabata əsasən, şirkətin xalis mənfəəti 2025-ci ildə 2 milyon 352,7 min manat təşkil edib.

“GDP Media” xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 33,3 min manat və ya 1,4% artım deməkdir. Mənfəət artımı kəskin olmasa da, şirkətin əsas əməliyyat gəlirlərində sabit dinamikanın qorunduğunu göstərir.

ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin faiz gəlirləri 1 milyon 532,3 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 78,4 min manat və ya 4,9% azalıb. Bunun əsas səbəbi investisiya qiymətli kağızları portfelinin azalması ilə izah oluna bilər. Belə ki, investisiya qiymətli kağızlarının həcmi 19 milyon 876,2 min manatdan 14 milyon 676 min manata düşüb. Azalma 5 milyon 200,2 min manat və ya 26,2% təşkil edib.

Bununla belə, borc alınmış vəsaitlər üzrə faiz xərcləri 959,6 min manatdan 778,5 min manata enib. Azalma 181,1 min manat və ya 18,9% olub. Nəticədə xalis faiz gəlirləri 651,1 min manatdan 753,8 min manata yüksəlib. Artım 102,7 min manat və ya 15,8% təşkil edib. Bu, şirkətin maliyyələşmə xərclərini azaltmaqla faiz marjasını yaxşılaşdırdığını göstərir.

Əsas artım mənbələrindən biri haqq və komissiya gəlirləri olub. ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin xalis haqq və komissiya gəlirləri 4 milyon 197,7 min manatdan 4 milyon 550,8 min manata yüksəlib. Artım 353,1 min manat və ya 8,4% təşkil edib. Bu göstərici ABB-İnvest-in broker, investisiya və kapital bazarı xidmətləri üzrə əməliyyat aktivliyinin artdığını göstərir.

Qeyri-faiz gəlirləri də müsbət dinamika nümayiş etdirib. Bu göstərici 4 milyon 205,6 min manatdan 4 milyon 559,9 min manata yüksəlib. Artım 354,2 min manat və ya 8,4% olub. Lakin qeyri-faiz xərcləri də artıb. Xərclər 1 milyon 948,3 min manatdan 2 milyon 363,4 min manata çatıb. Artım 415,2 min manat və ya 21,3% təşkil edib. Xərclərin əsas artım mənbəyi işçi heyəti üzrə xərclərdir. Bu istiqamətdə xərclər 354,3 min manat və ya 21,8% artaraq 1 milyon 982,4 min manata yüksəlib. Ümumi və inzibati xərclər isə 58 min manat və ya 17,8% artıb.

Vergidən əvvəl mənfəət 2 milyon 908,5 min manatdan 2 milyon 950,2 min manata yüksəlib. Artım 41,7 min manat və ya 1,4% təşkil edib. Mənfəət vergisi xərci isə 589,1 min manatdan 597,5 min manata qalxıb. Bu, 8,4 min manat və ya 1,4% artım deməkdir.

Şirkətin cəmi məcmu gəliri daha yüksək templə artıb. 2024-cü ildə 1 milyon 955,1 min manat olan məcmu gəlir 2025-ci ildə 2 milyon 675,2 min manata çatıb. Artım 720 min manat və ya 36,8% təşkil edib. Bu artım əsasən investisiya qiymətli kağızları üzrə ədalətli dəyər dəyişikliklərinin müsbətə keçməsi ilə bağlıdır. 2024-cü ildə bu istiqamətdə 455,3 min manat mənfi nəticə qeydə alınmışdısa, 2025-ci ildə 405,8 min manat müsbət nəticə yaranıb.

Balans göstəricilərində də artım müşahidə olunur. Şirkətin cəmi aktivləri 26 milyon 255,8 min manatdan 30 milyon 153,5 min manata yüksəlib. Artım 3 milyon 897,7 min manat və ya 14,8% təşkil edib. Aktivlərdə ən böyük artım banklarda yerləşdirilmiş pul vəsaitləri üzrə qeydə alınıb. Bu göstərici 5 milyon 360,2 min manatdan 14 milyon 210,8 min manata yüksəlib. Artım 8 milyon 850,6 min manat və ya 165,1% olub. Bu, likvidlik mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Öhdəliklər 19 milyon 630,3 min manatdan 20 milyon 852,9 min manata yüksəlib. Artım 1 milyon 222,5 min manat və ya 6,2% təşkil edib. Müştərilərə ödəniləcək vəsaitlər 2 milyon 236,9 min manatdan 10 milyon 339,9 min manata qalxıb. Artım 8 milyon 103,1 min manat və ya 362,2% olub. Bunun əksinə olaraq, borc alınmış vəsaitlər 16 milyon 277,8 min manatdan 9 milyon 389,1 min manata enib. Azalma 6 milyon 888,7 min manat və ya 42,3% təşkil edib. Bu dəyişiklik şirkətin borc yükünü azaltdığını və balans strukturunu daha ehtiyatlı formalaşdırdığını göstərir.

Kapital göstəricilərində ciddi yaxşılaşma var. Cəmi kapital 6 milyon 625,5 min manatdan 9 milyon 300,6 min manata yüksəlib. Artım 2 milyon 675,2 min manat və ya 40,4% təşkil edib. Bölüşdürülməmiş mənfəət 3 milyon 724,1 min manatdan 6 milyon 76,8 min manata çatıb. Artım 2 milyon 352,7 min manat və ya 63,2% olub. Səhmdar kapitalı isə dəyişməyərək 3 milyon manat səviyyəsində qalıb.

Pul vəsaitlərinin hərəkətinə gəldikdə, əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri 2 milyon 550,6 min manatdan 1 milyon 837,4 min manata düşüb. Azalma 713,2 min manat və ya 28% təşkil edib. Bu azalma əsasən ödənilmiş mənfəət vergisinin artması və əməliyyat aktivləri üzrə dəyişikliklərlə bağlıdır.

Hesabat dövründə investisiya fəaliyyətindən isə 2025-ci ildə 5 milyon 798,5 min manat xalis daxilolma olub. Halbuki 2024-cü ildə bu istiqamətdə 2 milyon 490,1 min manat xalis çıxış qeydə alınmışdı. Dəyişiklik 8 milyon 288,6 min manat təşkil edir. Bu, əsasən borc qiymətli kağızlarının satışı və geri qaytarılması üzrə daxilolmalarla bağlıdır.

Maliyyələşdirmə fəaliyyətində isə əks dinamika müşahidə olunub. 2024-cü ildə bu istiqamətdən 1 milyon 754,3 min manat daxilolma olmuşdusa, 2025-ci ildə 6 milyon 881 min manat xalis çıxış qeydə alınıb. Fərq 8 milyon 635,4 min manatdır. Bu, repo müqavilələri üzrə borc alınmış vəsaitlərin ödənilməsi ilə izah olunur.

Ümumilikdə, ABB-İnvest-in 2025-ci il nəticələri şirkətin gəlirlilik baxımından sabit, kapital və likvidlik baxımından isə daha güclü mövqeyə keçdiyini göstərir. Komissiya gəlirləri artıb, faiz xərcləri azalıb, kapital 40%-dən çox yüksəlib və pul vəsaitləri artıb. Xərclərin gəlirlərdən daha sürətli artmasını, investisiya qiymətli kağızları portfelinin azalmasını və əməliyyat pul axınının zəifləməsini şirkətin fəaliyyəti üçün risk yaradan məqam kimi qiymətləndirmək olar. Buna baxmayaraq, şirkətin borc yükünü azaltması və likvid aktivlərini artırması 2025-ci ilin daha ehtiyatlı və dayanıqlı maliyyə idarəetməsi ilə xarakterizə olunduğunu deməyə əsas verir.

Müəllif: Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Yaxın Şərq böhranı neft qiymətlərini yenidən yüksəldə bilər
    • İyun 2, 2026

    Qlobal iqtisadiyyatdakı yavaşlama fonunda neft qiymətlərinin yenidən artacağı ilə bağlı proqnozlar səsləndirilib. Londonda keçirilən beynəlxalq neft-qaz konfransında çıxış edən ekspertlər Yaxın Şərqdə davam edən böhranın bazarda təklif çatışmazlığını dərinləşdirdiyini bildiriblər. “GDP Media” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, ABŞ, Braziliya, Venesuela və Argentinada hasilatın artması bazarda yaranan itkiləri yalnız qismən kompensasiya edir.Agentliyin neft bazarları şöbəsinin rəhbəri Toril Bosoni bildirib ki, qlobal tələbin azalması belə təklifdəki itkiləri tam qarşılamaq üçün kifayət etmir. Onun sözlərinə görə, bu vəziyyət yaxın dövrdə neft qiymətlərinin gözlənilən səviyyələrdən daha yüksək həddə qalxmasına səbəb ola bilər.Ekspertlər hesab edirlər ki, hazırda qlobal enerji sistemində mühüm dəyişikliklər baş verir. Belə ki, enerji bazarında artıq yalnız hasilata nəzarət deyil, tədarük zəncirinin idarə olunması da strateji əhəmiyyət daşıyır.Analitiklərin fikrincə, Yaxın Şərqdəki gərginliyin davam etməsi fonunda enerji bazarlarında volatillik yüksək olaraq qalacaq.

    davamı
    S&P 500 ilk dəfə 69 trilyon dollarlıq bazar kapitallaşmasını ötüb
    • İyun 2, 2026

    ABŞ fond bazarının əsas göstəricilərindən biri olan S&P 500 indeksinin ümumi bazar kapitallaşması tarixdə ilk dəfə 69 trilyon dollar həddini keçib. Beləliklə, ABŞ bazarı nominal ifadədə yeni rekord müəyyənləşdirib. GDP Media xəbər verir ki, indeksin kapitallaşmasının artımı əsasən texnologiya sektorundakı iri şirkətlərin səhmlərinin bahalaşması ilə bağlıdır. Xüsusilə “Möhtəşəm yeddilik” adlandırılan texnologiya nəhənglərinin bazardakı dominant mövqeyi indeksin yüksəlişində əsas rol oynayıb. Analitiklərin fikrincə, hazırkı artım bazarda konsentrasiyanın yüksəldiyini göstərir. Belə ki, məhdud sayda böyük şirkət bütün indeksin dinamikasına ciddi təsir edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət investorlar üçün həm yeni imkanlar, həm də risklər yaradır. Diversifikasiya və hedcinq strategiyalarından istifadə olunmadıqda, xüsusilə yüksək qiymətləndirilmiş texnologiya sektorunda mümkün korreksiya investisiya portfellərinə ciddi təsir göstərə bilər.

    davamı