Fitch: Manatın güclənməsi inflyasiya təzyiqlərini azaldır

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycan Respublikasının Uzunmüddətli İssuer Default Reytinqlərini (IDR) “BBB-” səviyyəsində Sabit Proqnozla təsdiqləsə də, orta müddətli dövrdə iqtisadi artım üçün bir sıra risklərin qalmaqda davam etdiyini bildirib.

“GDP Media” xəbər verir ki, Agentliyin hesabatına görə, neft hasilatının struktur azalması ölkə iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardan biri olaraq qalır. Fitch qeyd edir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, dövlətin iqtisadiyyatda dominant mövqeyi, maliyyə vasitəçiliyinin zəifliyi və enerji sektoru xaricində xarici investisiyaların məhdud olması bu prosesi ləngidir.

Hesabatda inflyasiya ilə bağlı proqnozlar da yer alıb. Agentliyin qiymətləndirməsinə əsasən, logistika xərclərinin və ərzaq qiymətlərinin artması, eləcə də tənzimlənən qiymətlərdə baş verən yüksəliş nəticəsində orta illik inflyasiya 2025-ci ildəki 5,6 faizdən 2026-cı ildə 6,1 faizə yüksələcək.

Fitch bildirir ki, inflyasiya təzyiqlərinin bir hissəsi manatın əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətdə nominal möhkəmlənməsi hesabına kompensasiya olunacaq.

Agentlik Azərbaycan Mərkəzi Bankının son illərdə pul siyasəti alətlərini təkmilləşdirdiyini və bank sistemində struktur likvidlik artıqlığının idarə olunması istiqamətində irəliləyiş əldə etdiyini qeyd edib. Bununla belə, Fitch-in qiymətləndirməsinə görə, ölkənin pul-kredit siyasəti çərçivəsi oxşar reytinqli dövlətlərlə müqayisədə hələ də zəifdir.

Hesabatda məhdud institusional müstəqillik, zəif inkişaf etmiş kapital bazarları, artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və maliyyə sektorunda yüksək dollarlaşma əsas zəifliklər kimi göstərilir. Agentliyin məlumatına görə, 2026-cı ilin aprel ayına olan vəziyyətə bank sektorunda dollarlaşma səviyyəsi 36 faizə çatıb.

Fitch hesab edir ki, iqtisadiyyatın şaxələndirilməsi, maliyyə bazarlarının inkişafı və qeyri-neft sektoruna investisiyaların cəlb olunması uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsi üçün əsas istiqamətlər olaraq qalır.

Müəllif:Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu