Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycan Respublikasının Uzunmüddətli İssuer Default Reytinqlərini (IDR) “BBB-” səviyyəsində Sabit Proqnozla təsdiqləyərkən regiondakı geosiyasi vəziyyətə də toxunub.
“GDP Media” xəbər verir ki, agentliyin qiymətləndirməsinə görə, İranla müharibənin Azərbaycana təsiri məhdud olub və ölkənin birbaşa münaqişəyə cəlb olunma riski aşağı səviyyədə qalır.
Fitch hesabatında Ermənistan və Azərbaycanın ABŞ vasitəçiliyi ilə hərtərəfli sülh sazişinə nail olmaq və Naxçıvana nəqliyyat-tranzit dəhlizinin yaradılması məqsədilə razılıq əldə etməsi xüsusi vurğulanır. Agentlik qeyd edir ki, bu razılaşma regionda hərbi əməliyyatların yenidən başlaması riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Hesabatda bildirilir ki, Naxçıvana nəqliyyat dəhlizinin açılması regional əlaqələrin genişlənməsinə, yük və sərnişin daşımalarının asanlaşmasına, eləcə də Azərbaycanın tranzit potensialının güclənməsinə töhfə verəcək. Bu, eyni zamanda Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsi üçün əlavə imkanlar yarada bilər.
Fitch Ratings Ermənistan Konstitusiyasında Qarabağa istinadların çıxarılması ilə bağlı referendumun keçirilməsini siyasi baxımdan mürəkkəb məsələ kimi qiymətləndirib. Agentliyin qənaətinə görə, referendumun keçirilməsi ehtimalı böyükdür ki, iyun ayında keçiriləcək parlament seçkilərindən sonrakı dövrə təsadüf etsin.
Agentlik ümumilikdə hesab edir ki, sülh prosesində əldə olunan irəliləyişlər və nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılan addımlar regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Müəllif:Aynur Qəniyeva


