İqtisadi Şurada Ələt Azad İqtisadi Zonası və xidmət sektorunun inkişafı müzakirə olunub.
“GDP Media” xəbər verir ki, iyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, iclasda Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, həmçinin xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı müzakirə olunub.
Bununla yanaşı, xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər, eləcə də digər cari məsələlər gündəlikdə yer alıb.
Gündəlikdəki məsələlər üzrə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdimatlarla çıxış ediblər.
Müzakirələr zamanı İqtisadi Şuranın üzvləri, eləcə də Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İclasın yekununda səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib, aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.







