Azərbaycan Mərkəzi Bankı valyuta bazarında alışyönlü intervensiyasını davam etdirməklə valyuta ehtiyatlarını mayda daha 26 mln. dollar artırıb.
“GDP Media” 26 may 2026-cı il tarixinə olan göstəriclərə istinadən xəbər verir ki, ehtiyatların həcmi 12 milyard 712 milyon dollara yüksəlib.AMB bir ay öncə faiz dərəcəsinə dair qərarında qeyd edib ki, Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.
İlkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.
Eləcə də əlavə edilir ki, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.


