12 İyun 2026-cı il tarixində “PAŞA Bank” ASC-nin səhmlərinə abunə yazılışı başa çatacaq. Bu proses investorların səhmləri əldə etmək üçün sifariş təqdim etdiyi mərhələdir.
“GDP Media” xəbər verir ki, abunə yazılışının tamamlanmasına üç gündən az vaxt qalmış bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinq keçirib.
Brifinq zamanı Murad Süleymanov bildirib ki, səhmlərin 100%-i yerləşdirilib və təqdim olunan sifarişlərin həcmi 100%-dən yuxarıdır. Sifarişin yerləşdirilməsindən imtina mümkün deyil, yalnız hissəvi imtina ola bilər.
O, əlavə edib ki, emissiya prospektində üç investor səviyyəsi nəzərdə tutulub: fiziki şəxslər üçün 20 min manata qədər vəsaitlər, 20 mindən yuxarı olan fiziki şəxslər və hüquqi şəxslər. Bankın əsas məqsədi səhmlərin daha çox fiziki şəxslər tərəfindən alınmasıdır. Minimal qayda olaraq, hər bir investor ən azı 1 səhm əldə edəcək, beləliklə proporsional bölgü zamanı heç bir investora 1 səhmdən az pay düşməyəcək.
Bu abunə yazılışı “PAŞA Bank” üçün investor marağının yüksək olduğunu və bazarda səhmlərə tələbin çoxluğunu nümayiş etdirir.


