ABŞ fond bazarının əsas göstəricilərindən biri olan S&P 500 indeksinin ümumi bazar kapitallaşması tarixdə ilk dəfə 69 trilyon dollar həddini keçib. Beləliklə, ABŞ bazarı nominal ifadədə yeni rekord müəyyənləşdirib.
GDP Media xəbər verir ki, indeksin kapitallaşmasının artımı əsasən texnologiya sektorundakı iri şirkətlərin səhmlərinin bahalaşması ilə bağlıdır. Xüsusilə “Möhtəşəm yeddilik” adlandırılan texnologiya nəhənglərinin bazardakı dominant mövqeyi indeksin yüksəlişində əsas rol oynayıb.
Analitiklərin fikrincə, hazırkı artım bazarda konsentrasiyanın yüksəldiyini göstərir. Belə ki, məhdud sayda böyük şirkət bütün indeksin dinamikasına ciddi təsir edir.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət investorlar üçün həm yeni imkanlar, həm də risklər yaradır. Diversifikasiya və hedcinq strategiyalarından istifadə olunmadıqda, xüsusilə yüksək qiymətləndirilmiş texnologiya sektorunda mümkün korreksiya investisiya portfellərinə ciddi təsir göstərə bilər.


