Maliyyə təhlükəsizliyi və institusional dayanıqlılıq sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisinin (Office of Technical Assistance – OTA) nümayəndə heyətinin Bakı şəhərinə səfəri çərçivəsində Əmanətlərin Sığortalanması Fondunda bir sıra işgüzar görüşlər keçirilmişdir.
“GDP Media” xəbər verir ki,görüşlər zamanı əmanətlərin sığortalanması sisteminin institusional fəaliyyəti, maliyyə sabitliyinin qorunmasına xidmət edən mexanizmlər, sığorta hadisələri zamanı tətbiq olunan koordinasiya yanaşmaları, mövcud hüquqi çərçivə, risk əsaslı idarəetmə prinsipləri və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində Fondun aidiyyəti struktur bölmələri tərəfindən informasiya texnologiyaları infrastrukturu, əmanətçilərin reyestri sistemləri, kompensasiyaların hesablanması və ödənişi mexanizmləri, fəaliyyətin fasiləsizliyinin təmin olunması üzrə ehtiyat həlləri, məlumatların qorunması və sistem dayanıqlılığı istiqamətində tətbiq olunan texniki imkanlar barədə təqdimatlar nümayiş etdirilmişdir.
Müzakirələr zamanı rəqəmsal maliyyə alətləri, elektron pul və rəqəmsal aktivlərin hüquqi tənzimlənməsi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsi və institusional koordinasiya mexanizmləri üzrə beynəlxalq təcrübələr də nəzərdən keçirilmişdir.
Görüşlərdə böhran şəraitində operativ qərarvermənin əhəmiyyəti, ictimai kommunikasiyanın vahid yanaşma əsasında təşkili və əmanətçilərin hüquqlarının qorunmasının maliyyə sisteminə etimadın gücləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulanmışdır.
Tərəflər arasında qarşılıqlı texniki əməkdaşlığın genişləndirilməsi, peşəkar bilik və təcrübə mübadiləsinin təşviqi, habelə institusional potensialın gücləndirilməsi istiqamətində gələcək əməkdaşlıq imkanları dəyərləndirilmişdir.
Əmanətlərin Sığortalanması Fondu tərəfindən beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və maliyyə təhlükəsizliyi sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində fəaliyyətlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.





