WUF13 Azərbaycan çərçivəsində keçirilən tədbirdə şəhərlərin məcburi köçkünlük, münaqişələr və təbii fəlakətlər fonunda artan çağırışlara necə uyğunlaşdığı müzakirə olunub.
GDP Media xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təşkil etdiyi sessiyada şəhərlərin dayanıqlılığının artırılması, böhran şəraitində yerli idarəetmənin rolu və uzunmüddətli inkişaf həlləri diqqət mərkəzində olub.
Tədbirə AYİB nümayəndəsi Harri Boyd-Carpenter moderatorluq edib.Sessiyada Qaziantepin meri Fatma Şahin, İvano-Frankivsk şəhərinin nümayəndəsi Liudmyla Sirko və digər iştirakçılar öz şəhərlərinin qarşılaşdığı çətinliklər və tətbiq etdikləri həllər barədə çıxış ediblər.
Müzakirələr zamanı bildirilib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində İvano-Frankivsk şəhəri çoxsaylı məcburi köçkünləri qəbul etməli olub və bu vəziyyət mənzil təminatı ilə ictimai xidmətlər üzərində ciddi təzyiq yaradıb.
Qaziantepdə isə 2023-cü il zəlzələlərinin yaratdığı dağıntılar şəhərin qısa müddətdə yeni şəraitə uyğunlaşmasını zəruri edib. Bununla yanaşı, yerli hakimiyyət orqanları icmaların dəstəklənməsi istiqamətində fəaliyyətlərini davam etdiriblər.Tədbirdə vurğulanıb ki, şəhərlərin dayanıqlılığı operativ qərarlar, güclü yerli liderlik və ictimai həmrəylik hesabına formalaşır.
Eyni zamanda özəl sektorun və beynəlxalq tərəfdaşların dəstəyi bu prosesdə mühüm rol oynayır.
AYİB nümayəndələri qeyd ediblər ki, təşkilat tərəfdaşlarla birlikdə şəhərlərin həm təxirəsalınmaz ehtiyaclarına cavab verilməsi, həm də uzunmüddətli perspektivdə dayanıqlı infrastrukturun qurulması istiqamətində dəstəyini davam etdirir.






