Yaponiya Azərbaycan neftini idxal etməyə başlayıb – İqtisadçı şərh edir
Yaponiya ilk dəfə olaraq Azərbaycandan neft idxalına başlayıb. Bu addım Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında risklərin yüksəlməsi fonunda atılıb. GDP Media xəbər verir ki, İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, fevral ayına qədər Yaponiyanın idxal etdiyi neftin təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin regionda geosiyasi risklər artdıqdan sonra Tokio rəsmiləri alternativ istiqamətlər axtarmağa başlayıb.Yaponiya əvvəlcə ABŞ neftinə, daha sonra Rusiyaya qarşı sanksiyaların yumşalmasından sonra “Saxalin-2” layihəsindən hasil olan neftə yönəlib. İndi isə bu siyahıya Azərbaycan da daxil olub.Maraqlı məqamlardan biri odur ki, Yaponiya hazırda 205 günlük neft ehtiyatına malikdir. Bunun 121 günü dövlət, 83 günü isə özəl sektor ehtiyatlarında saxlanılır.Təxminən on gün əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiti enerji böhranı fonunda maraqlı mesaj vermişdi. Bir çox ölkələr qənaətə çağırış edərkən, o, iqtisadi həyatın zəifləməməli olduğunu vurğulamış və hökumətin yeni çıxış yolları tapmalı olduğunu bildirmişdi.Eldəniz Əmirov hesab edir ki, bu gün həmin yanaşmanın nəticəsi görünür: “Azad iqtisadi sistem üçün bu, təbiidir. Çünki azad bazarlar neftin haradan çıxmasına yox, kimin etibarlı tərəfdaş olmasına baxır. Hazırda Azərbaycan məhz bu etimad qazanmış ölkələr sırasında mövqe tutur.”İqtisadçının fikrincə, bu addım gələcəkdə Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə, yeni investisiya əlaqələri, uzunmüddətli tədarük müqavilələri və logistika əməkdaşlığı üçün əlavə imkanlar aça bilər.

