Azərsilah Akademiyasına yeni direktor təyin edilib.
“GDP Media” xəbər verir ki, bu vəzifəyə Dr. Cəlal Eynullayev gətirilib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Dr. Cəlal Eynullayev bildirib ki, rəhbərlik etdiyi dövrdə əsas məqsəd müdafiə sənayesi üçün bilikli, çevik və innovativ düşüncəyə malik peşəkar kadrların hazırlanması olacaq.Onun sözlərinə görə, Akademiyanın əsas missiyası müasir və effektiv inkişaf ekosisteminin formalaşdırılmasıdır.
Bu çərçivədə əməkdaşların inkişafına yönəlmiş müasir təlim proqramları, liderlik və idarəetmə bacarıqlarının artırılması, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi və innovasiya yönümlü təşəbbüslərin həyata keçirilməsi prioritet istiqamətlər olacaq.Yeni direktor göstərilən etimada görə rəhbərliyə təşəkkür edib və peşəkar komanda ilə birlikdə ölkə üçün dəyər yaradan layihələrin icrasına töhfə verməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, Dr. Cəlal Eynullayev insan resursları, təlim və performans idarəetməsi sahəsində uzunillik təcrübəyə malikdir. O, 2012–2025-ci illərdə Azərsun Akademiyasının direktoru olub. Bu dövrdə təlim strategiyalarının hazırlanması, daxili təlim sisteminin yenidən təşkili, kompetensiyaların qiymətləndirilməsi və performans idarəetmə sisteminin qurulmasına rəhbərlik edib. Həmçinin 2013–2024-cü illərdə Azərsun Holdinqin Restrukturizasiya və Audit Komitəsinin üzvü kimi SMART hədəflərin tətbiqi, monitorinq sistemlərinin qurulması və QPR layihələrinin icrasında iştirak edib.Karyerası ərzində Azərsun Akademiyasında şöbə müdiri, proseslərin inkişafı üzrə baş mütəxəssis, Azərbaycan Sənaye Bankında proses meneceri və strategiya qrupu üzvü, həmçinin BRF Azərbaycanda baş menecer vəzifələrində çalışıb.
Bu müddətdə proses idarəetməsi, təlimlərin təşkili, məmnunluq təhlilləri və satış strategiyalarının hazırlanması istiqamətlərində fəaliyyət göstərib.


