EBRD Gəncə üçün 120 milyon avroluq ikinci kreditin ayrılması üzərində işləyir

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasına hazırlıq işlərini aparır.

GDP Media xəbər verir ki, bu barədə EBRD-nin Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabetta Falçetti bildirib.

E. Falçetti qeyd edib ki, Azərbaycan EBRD-nin “Yaşıl şəhərlər” proqramında mühüm yer tutur.

“Gəncədə biz “Yaşıl şəhər” Fəaliyyət Planının hazırlanmasına – ölkənin əhali sayına görə ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanmasına dəstək veririk.

Eyni zamanda, biz bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə veririk. Hazırkı mərhələdə proqram planlaşdırma mərhələsindən praktiki icra fazasına keçid edir. 35 milyon avro məbləğində ilk kredit sazişinin imzalanmasının ardınca Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avroluq kreditin ayrılmasına hazırlıq gedir. İnvestisiya proqramı təxminən 410 milyon avro məbləğində qiymətləndirilir ki, bu da qarşıya qoyulmuş vəzifələrin miqyasından xəbər verir”, – EBRD-nin idarəedici direktoru deyib.

E. Falçetti vurğulayıb ki, EBRD həmçinin Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir.

“Xüsusilə, bu il Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır”, – o əlavə edib.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    JPMorgan iyunun sonunadək 165 milyard dollarlıq səhm satışının mümkünlüyü barədə xəbərdarlıq edir
    • İyun 22, 2026

    JPMorgan iyunun sonunadək 165 milyard dollarlıq səhm satışının mümkünlüyü barədə xəbərdarlıq edir. “GDP Media” xəbər verir ki,bankın analitikləri hesab edirlər…

    Davamı oxu