Azərbaycan Prezidenti mayın 18-də televiziyasına müsahibəsində Azərbaycanın enerji təhlükəsizliyi, bərpa-quruculuq prosesi və regional logistika imkanları ilə bağlı mühüm mesajlar verib.
Dövlət başçısı bildirib ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Prezident həmçinin qeyd edib ki, Hörmüz boğazında yaranan gərginlik və mümkün təchizat zənciri riskləri Azərbaycana ciddi təsir göstərmir.
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinə də toxunub. Prezident vurğulayıb ki, şəhər və kəndlərin sıfırdan inşası istiqamətində Azərbaycan unikal təcrübə formalaşdırıb. O qeyd edib ki, erməni işğalı dövründə həmin ərazilərin böyük dağıntılara məruz qalması bu addımları zəruri edib.
Prezidentin sözlərinə görə, mərhələli və bəzi hallarda paralel şəkildə həyata keçirilən layihələr nəticəsində beş il ərzində artıq 85 mindən çox insanın doğma torpaqlarına qayıdışı təmin olunub.
Müsahibədə enerji sektoru ilə bağlı yeni açıqlama da verilib. İlham Əliyev bildirib ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması barədə ictimaiyyətə məlumat təqdim olunacaq.


