Mərkəzi Bank və Dövlət Neft Fondu vahid xəzinə hesabının qalıq vəsaitlərini idarə edə biləcək

Azərbaycanda vahid xəzinə hesabının qalıq vəsaitləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Mərkəzi Bankına (AMB) və Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verilə bilər.

“Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” təsdiq edilib

“GDP Media “xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”nda öz əksini tapıb.Qaydalara əsasən, qalıq vəsaitlərinin idarəetməyə verilməsi zamanı dövlət büdcəsinin gəlir və xərcləri, onların gözlənilən icrası, qalıq vəsaitlərinin həcmi, likvidlik və kredit riskləri, habelə qalıq vəsaitlərinin proqnozlaşdırılan gəlirlilik dərəcəsi nəzərə alınır.

Qalıq vəsaitlərinin idarəetməyə verilməsi Nazirliklə idarəetməyə götürən arasında bağlanılmış müqavilə, saziş və digər hüquqmüəyyənedici sənədlər və əqdlər əsasında həyata keçirilir.

Qalıq vəsaitlərinin idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin seçilməsinə nazirlik qərar verir.İdarəetməyə verilən qalıq vəsaitləri aşağıdakı maliyyə alətlərinə investisiya oluna bilər:

– “A-” (Standard & Poor’s, Fitch) və ya “A3” (Moody’s) reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin mərkəzi banklarda, kommersiya banklarında və digər maliyyə təsisatlarındakı depozitlərə;

– “A-” (Standard & Poor’s, Fitch) və ya “A3″ (Moody’s) reytinqindən aşağı olmayan reytinqə malik pul (likvidlik) fondlarına;- A-” (Standard & Poor’s, Fitch) və ya “A3” (Moody’s) reytinqindən aşağı olmayan reytinqə malik olan xarici ölkələrin hökumətləri, dövlət agentlikləri və ya maliyyə təsisatları tərəfindən buraxılmış dövlət təminatları olan qiymətli kağızlara, habelə “A-” (Standard & Poor’s, Fitch) və ya “A3” (Mood’s) reytinqindən aşağı olmayan reytinqə malik beynəlxalq maliyyə təşkilatları, kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən buraxılmış qiymətli kağızlara.

Qalıq vəsaitləri qeyd olunan maliyyə alətlərindən fərqli maliyyə alətlərinə, habelə səhmlərə, törəmə maliyyə alətlərinə, qiymətli metallara və qiymətli daşlara investisiya oluna bilməz.Qalıq vəsaitlərini idarəetməyə götürən qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi və eləcə də hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə ayda bir dəfə Nazirliyə hesabat təqdim edir.

Nazirlik qalıq vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlərin uçotunu ayrıca göstərməklə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verir.

Qalıq vəsaitlərinin idarəetməyə verilməsindən əldə edilən gəlir vahid xəzinə hesabına köçürülür və dövlət büdcəsinin daxilolmalarında “vəsaitlərin idarə olunmasından əldə olunan gəlir” kimi uçota alınır.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı