19 may 2026-cı il tarixində ABŞ-ın kapital bazarına nəzarət qurumu olan Qiymətli Kağızlar və Birjalar Komissiyası – SEC (U.S. Securities and Exchange Commission) son illərin ən genişmiqyaslı ilkin Kütləvi Təklif (IPO) və kapital bazarı islahat paketlərindən birini təqdim edib. SEC sədri Paul S. Atkins bu təşəbbüsü “Make IPOs Great Again” yanaşmasının başlanğıcı kimi xarakterizə edib.
Təklif olunan dəyişikliklərin əsas məqsədi ABŞ-da son illərdə zəifləyən IPO bazarını yenidən aktivləşdirmək, şirkətlərin kütləvi təklifə çıxışını asanlaşdırmaq və listinqdə qalma xərclərini azaltmaqdır.
Son 25 ildə ABŞ-da publik şirkətlərin sayında ciddi azalma müşahidə olunur. Bir çox texnologiya və inkişaf mərhələsində olan şirkətlər açıq bazara çıxmaq əvəzinə uzun müddət qiymətli kağızlarını qapalı yerləşdirməyə üstünlük verirlər. Bunun əsas səbəblərindən biri isə yüksək hesabat, açıqlama və komplayns xərcləridir.
SEC-in yeni paketi məhz bu yükü azaltmağa hesablanıb.
İslahatların ən diqqət çəkən hissələrindən biri “IPO on-ramp” modelinin genişləndirilməsidir. Təklifə əsasən IPO edən şirkətlər minimum 5 il ərzində daha yüngül hesabat və tənzimləmə rejimindən istifadə edə biləcək. Bu yanaşma şirkətlərə bazarda stabilləşmək, investor bazasını formalaşdırmaq və böyümə mərhələsini daha aşağı tənzimləmə yükü ilə keçmək imkanı verir.
Digər mühüm dəyişiklik “large accelerated filer” həddinin 700 milyon dollardan 2 milyard dollara qaldırılmasıdır. Bu addım nəticəsində daha az şirkət sərt hesabat və nəzarət rejiminə daxil olacaq. Xüsusilə orta ölçülü sahibkarlıq subyektləri üçün komplayns və audit xərclərinin azalacağı gözlənilir.
SEC həmçinin bir çox şirkəti daxili nəzarət sistemləri üzrə əlavə auditor attestasiya tələbindən azad etməyi təklif edir. Bu dəyişiklik xüsusilə kiçik və orta biznes üçün illik xərcləri əhəmiyyətli şəkildə azalda bilər.
Kapital cəlbi prosesində də mühüm yumşalmalar nəzərdə tutulur. “Shelf offering” mexanizminin genişləndirilməsi şirkətlərə bazar şəraiti uyğun olduqda daha sürətli şəkildə səhm və istiqraz emissiyası həyata keçirməyə imkan verəcək. Bundan əlavə IPO və digər emissiya proseslərində sənədləşmə və qeydiyyat prosedurlarının sadələşdirilməsi planlaşdırılır.
SEC-in bu addımları təkcə texniki tənzimləmə dəyişikliyi deyil. Bu, ABŞ kapital bazarlarının rəqabət qabiliyyətini artırmaq və şirkətləri yenidən açıq bazarlara qaytarmaq üçün strateji yanaşma kimi görünür.
Əgər bu dəyişikliklər qəbul edilərsə, yaxın illərdə ABŞ IPO bazarında yeni canlanma mərhələsinin başlanması mümkündür.
Bu dəyişikliklər öz növbəsində dünyanın kapital bazarının döyünən ürəyi hesab olunan ABŞ-da yeni tənzimləmə yanaşmasının formalaşdığını göstərir. Belə transformasiyalar adətən qlobal maliyyə bazarlarına da təsirsiz ötüşmür. Bu baxımdan, ABŞ-da atılan addımlar digər ölkələrdə, o cümlədən Azərbaycanda da kapital bazarlarının inkişafı, IPO mühitinin təşviqi və listinq proseslərinin daha çevik hala gətirilməsi istiqamətində yeni yanaşmalar üçün əsas formalaşdıra bilər.
Müəllif: Asəf Məmmədov


