Aprel ayında ABŞ-da illik inflyasiya 3,8%-ə yüksələrək 2023-cü ilin sentyabrından bəri ən yüksək həddə çatıb. GDP Media xəbər verir ki, proqnozları üstələyən bu göstərici bazarlarda Federal Ehtiyat Sisteminin (FED) monetar siyasəti sərtləşdirəcəyi gözləntilərini əhəmiyyətli dərəcədə gücləndirib. Törəmə bazarları artıq 2026-cı ildə faiz dərəcəsinin qaldırılması ehtimalını 31% səviyyəsində qiymətləndirir – bu, bir neçə həftə əvvəlki 20%-dən xeyli yüksəkdir. Bununla paralel olaraq, uzunmüddətli dövlət istiqrazlarında ciddi satış dalğası müşahidə olunur: 30 illik trecerilərin gəlirliliyi 5%-i keçib, 10 illik istiqrazların gəlirliliyi isə 4,5%-ə yaxınlaşır. Tarixi təcrübə göstərir ki, bu cür səviyyələrdə Ağ Ev administrasiyası adətən publik şəkildə FED-ə təzyiq göstərməyə başlayır. Hələlik rəsmi bəyanat olmasa da, Senat artıq Kevin Uorşun FED-in şurasına daxil edilməsi lehinə səs verib – Uorş monetar sərtləşmə tərəfdarı kimi tanınır. Sabah onun FED sədri postuna təyinatı məsələsi həll olunacaq ki, bu da ilin qalan hissəsi üçün siyasət trayektoriyasını müəyyən edə bilər. Hələlik panik satışlar müşahidə olunmasa da – düşüş zamanı almaq istəyən alıcılar aktiv qalır – yüksək inflyasiya, artan istiqraz gəlirliliyi və FED-in ritorikasının sərtləşə biləcəyi ehtimalı riskli aktivlər – səhmlər, kriptovalyutalar və inkişaf etməkdə olan bazarlar – üçün ciddi risk fonu yaradır. Digər başlıqlara gəlincə: MARA Holdings 20 880 BTC ($1,5 milyard) sataraq borclarını ödəyib və süni intellekt sahəsinə keçid edir; 21Shares Nasdaq-da daxili steykinqlı ilk spot Hyperliquid ETF-ni listə çıxarıb; DTCC isə Chainlink blokçeyn platformasını təminatın idarə olunması sisteminə 24/7 rejimində inteqrasiya edir. Bazarlar yaxın günlərdə FED rəsmilərinin açıqlamalarına və Kevin Uorşun təyinatı ilə bağlı xəbərlərə diqqət yetirəcək.