Qeyri-neft ixracındakı rekordun sirri: Azərbaycanın 3,6 milyard dollarlıq qızıl satışı

2026-cı ilin ilk dörd ayı üzrə Azərbaycanın xarici ticarət statistikası ilk baxışda ölkə iqtisadiyyatı üçün son illərin ən güclü nəticələrindən biri kimi görünür. Ümumi ixrac 11,9 milyard dollara çatıb, xarici ticarət saldosu isə 6,35 milyard dolları ötüb. Xüsusilə diqqət çəkən məqam qeyri-neft ixracının bir il ərzində 4 dəfədən çox artaraq 4,7 milyard dollara yüksəlməsidir. Rəqəmlər iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun sürətli inkişafı görüntüsü yaratsa da, statistikanın detalları bu artımın əsas mənbəyinin qızıl satışları olduğunu göstərir.

Rəsmi məlumatlara əsasən, qeyri-neft ixracının 3,6 milyard dolları işlənməmiş və ya yarımişlənmiş qızıl satışından formalaşıb. Bu isə o deməkdir ki, qeyri-neft ixracındakı ümumi artımın böyük hissəsi real sektor istehsalının genişlənməsi ilə deyil, dövlət ehtiyatlarında saxlanılan qızılın satışa çıxarılması ilə bağlıdır. Başqa sözlə, statistik sıçrayışın arxasında sənaye, kənd təsərrüfatı və ya texnologiya ixracındakı struktur dönüş deyil, maliyyə aktivinin monetizasiyası dayanır.

Burada əsas məsələ ondan ibarətdir ki, qızıl satışları texniki baxımdan tam qanuni şəkildə qeyri-neft ixracı hesab edilir. Çünki beynəlxalq gömrük və ticarət təsnifatında qızıl enerji məhsulu sayılmır. Lakin iqtisadi məzmun baxımından bu göstəricinin klassik qeyri-neft ixracı ilə eyniləşdirilməsi mübahisəlidir. Çünki ənənəvi qeyri-neft ixracı iqtisadiyyatın istehsal gücünü, əlavə dəyər yaratma qabiliyyətini və xarici bazarlarda rəqabət imkanlarını əks etdirir. Dövlətin əvvəlcədən topladığı qızıl ehtiyatının satışı isə daha çox maliyyə portfelinin idarə olunması xarakteri daşıyır.

Bu mənada 2026-cı ilin ilk dörd ayında formalaşan yüksək ixrac göstəricilərinə iki fərqli rakursdan baxmaq mümkündür. Bir tərəfdən, qızıl satışları ölkəyə böyük həcmdə valyuta axını təmin edib, tədiyə balansını gücləndirib və xarici ticarət saldosunu rekord səviyyəyə çatdırıb. Bu, makroiqtisadi sabitlik baxımından mühüm üstünlükdür. Xüsusilə qlobal bazarlarda qeyri-müəyyənliklərin artdığı, enerji qiymətlərinin dalğalandığı dövrdə belə həcmdə əlavə valyuta gəlirləri ölkənin maliyyə dayanıqlığını artırır.

Digər tərəfdən isə, statistikanın strukturuna diqqət yetirildikdə aydın olur ki, ixracdakı sıçrayış dayanıqlı istehsal artımına əsaslanmır. Əgər qızıl amili çıxarılarsa, qeyri-neft ixracının real artım tempi əhəmiyyətli dərəcədə aşağı görünür. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fundamental problemlər hələ də aktuallığını qoruyur.

Maraqlıdır ki, eyni dövrdə neft-qaz ixracı azalıb. Neft-qaz sektoru üzrə ixrac ötən ilin ilk dörd ayındakı 7,7 milyard dollardan 7,18 milyard dollara düşüb. Bu fonda qızıl satışları ümumi ixrac statistikasında “kompensasiyaedici faktor” rolunu oynayıb. Yəni enerji gəlirlərindəki zəifləmə qızıl hesabına balanslaşdırılıb.

Burada başqa mühüm sual da yaranır: dövlət niyə məhz indi qızıl ehtiyatlarının bir hissəsini satmağa üstünlük verir? Bunun bir neçə iqtisadi səbəbi ola bilər. Son illərdə dünya bazarında qızıl qiymətləri rekord səviyyələrə yaxınlaşıb və mərkəzi banklarla suveren fondlar bu qiymət artımından faydalanmağa çalışırlar. Digər tərəfdən, yüksək qızıl qiymətləri ehtiyatların bir hissəsinin realizasiyasını fiskal və maliyyə baxımından daha sərfəli edir. Bu baxımdan tərəfindən saxlanılan qızılın bir hissəsinin satılması bazar şəraitindən istifadə cəhdi kimi də qiymətləndirilə bilər.

Lakin uzunmüddətli perspektivdə əsas məsələ dəyişmir: dayanıqlı iqtisadi inkişaf birdəfəlik aktiv satışlarından deyil, istehsal və ixrac potensialının genişlənməsindən asılıdır. Əgər qeyri-neft ixracındakı artım əsasən qızıl satışı hesabına formalaşırsa, bu, statistik olaraq güclü nəticə sayılsa da, iqtisadiyyatın real struktur transformasiyasını tam əks etdirmir.

Beləliklə, 2026-cı ilin ilk dörd ayı üzrə xarici ticarət göstəriciləri Azərbaycanın maliyyə imkanlarının gücləndiyini göstərsə də, bu artımın əsas drayverinin qızıl satışı olması statistik nəticələrin arxasındakı reallığı daha diqqətlə təhlil etməyi zəruri edir.

Müəllif:Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq
    • May 26, 2026

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq. “GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir. Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur. A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

    davamı
    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib
    • May 26, 2026

    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir. “GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir. Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq. The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

    davamı