Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, şirkət rəqəmsal transformasiya istiqamətində daha bir mühüm addım atıb.
GDP Media xəbər verir ki, onun sözlərinə görə, AzInTelecom ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ictimai nəqliyyat sektorunda ilk dəfə üz tanıma texnologiyası əsasında işləyən ödəniş sistemi — SİMA Pay istifadəyə verilib:
“Artıq Abşeron dairəvi dəmir yolu xəttində sərnişinlər müəyyən stansiyalarda fiziki kart, bilet və ya əlavə cihaz olmadan, yalnız üz tanıma vasitəsilə turniketlərdən keçid edə bilərlər.”
Rüstəmov vurğulayıb ki, növbəti mərhələlərdə bu innovativ həllin şəhərətrafı şəbəkənin digər stansiyalarını və ümumilikdə dəmir yolu infrastrukturunu əhatə etməsi nəzərdə tutulur.
O qeyd edib ki, SİMA Pay rəqəmsal ekosisteminin ADY Mobile platforması ilə inteqrasiyası gündəlik səfərləri sərnişinlər üçün daha sürətli, rahat və təhlükəsiz edir:
“Bu yenilik yalnız texnoloji həll deyil, eyni zamanda sərnişin təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır.”
Rövşən Rüstəmov həmçinin bildirib ki, son illərdə innovasiya və rəqəmsallaşma “Azərbaycan Dəmir Yolları”nın əsas prioritet istiqamətlərindən biri olub:
“Sərnişinlərin rəqəmsal xidmətlərə artan marağı göstərir ki, müasir mobillik həlləri gündəlik nəqliyyatın vacib hissəsinə çevrilir.”


