ABŞ İranın dörd kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına Bitpin, Nobitex, Wallex və Ramzinex platformaları daxil edilib.
GDP Media xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, sözügedən platformalar İranın hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlər üçün maliyyə əməliyyatlarının həyata keçirilməsinə şərait yaradıb.
Məlumata əsasən, bu addım Vaşinqtonun İran elitalarının maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırmağa yönəlmiş daha geniş kampaniyasının tərkib hissəsidir.
Analitiklər qeyd edirlər ki, yeni sanksiyalar kriptovalyuta bazarında sanksiya risklərinin hələ də əsas təhlükə faktorlarından biri olaraq qaldığını bir daha nümayiş etdirir. Xüsusilə dollar sisteminə çıxışın məhdudlaşdırılması kriptobirjaların fəaliyyəti üçün ciddi risk hesab olunur.
Ekspertlərin fikrincə, İran platformaları indiyədək də qlobal maliyyə sistemində məhdud fəaliyyət göstərirdi. Lakin yeni məhdudiyyətlər həmin platformalar vasitəsilə əməliyyat aparan tərəflərin də ikinci dərəcəli sanksiyalarla üzləşməsi riskini artırır.
Bu qərarın İran istifadəçilərinin beynəlxalq kriptovalyuta likvidliyinə çıxışını daha da çətinləşdirəcəyi gözlənilir.


