Azərbaycanda buğda üzrə özünütəminetmə 66%-ə çatdırılacaq

Azərbaycanda buğda istehsalının artırılması və pambıqçılıq klasterinin inkişafı istiqamətində yeni hədəflər müəyyənləşdirilib. Dövlət Proqramı çərçivəsində məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və emal sənayesinin inkişafı əsas prioritetlərdən olacaq.

Bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Mill Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri mövzusunda bu gün keçirilən ictimai dinləmə zamanı deyib.Bildirilib ki, Dövlət Proqramında buğda bitkisi üzrə istehsal potensialının gücləndirilməsi nəzərdə tutulur. Hədəfə əsasən, 2025-ci ildə 1 milyon 610 min ton olan buğda istehsalının 2030-cu ilədək 20 faiz artırılması planlaşdırılır.

Eyni zamanda, ixtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektardan 40,3 sentnerdən təxminən 50 sentnerə çatdırılması, ölkənin buğda üzrə özünütəminetmə səviyyəsinin isə 55,4 faizdən 66 faizə yüksəldilməsi nəzərdə tutulur.

Bu məqsədlə yeni sahələrdə müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək veriləcək, kombayn və lazer mala alışının subsidiyalaşdırılması həyata keçiriləcək. Həmçinin lazer hamarlama texnologiyalarının tətbiqi genişləndiriləcək, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və seçilmiş rayonlarda meliorativ tədbirlər görüləcək.

Qeyd olunub ki, həyata keçiriləcək tədbirlər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, məhsuldarlığın və ümumi istehsalın artmasına xidmət edəcək.

İctimai dinləmədə pambıqçılıq klasterinin inkişafı ilə bağlı hədəflər də açıqlanıb. Proqrama əsasən, 2025-ci ildə 363 min ton olan pambıq istehsalının 2030-cu ilədək 17 faiz artırılması nəzərdə tutulur.

İxtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektardan 36,1 sentnerdən təxminən 50 sentnerə çatdırılması planlaşdırılır. Bununla yanaşı, hazırda 26 min ton olan pambıq emalının (iplik və parça istehsalı) dörd dəfə artırılması və iki yeni emal müəssisəsinin fəaliyyətə başlaması hədəflənir.

Bu istiqamətdə də müasir suvarma sistemlərinin qurulması, yeni kombaynların alınması, lazer hamarlama texnologiyalarının tətbiqi, məhsuldar toxumların istifadəsi və emal müəssisələrinin güzəştli kreditlərlə dəstəklənməsi nəzərdə tutulur.

Bildirilib ki, görüləcək tədbirlər nəticəsində pambıqçılıqda məhsuldarlığın artırılması və emal sənayesinin inkişafı təmin olunacaq.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu