Bakı Enerji Həftəsi: Enerji keçidinin iqtisadi və geosiyasi tərəfləri- Elman Sadıqov yazır

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər qlobal enerji gündəliyinin əsas istiqamətlərini bir daha ortaya qoydu. Xüsusilə Prezidentin “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz” və “biz praqmatik olmalıyıq” mesajları təkcə cari vəziyyətin deyil, həm də yaxın onilliklərin enerji strategiyasının mahiyyətini əks etdirir.

Son illərdə dünyada alternativ enerji mənbələrinin inkişafı sürətlənsə də, ənənəvi enerji resurslarından tam imtina hələ real görünmür. Tarixi təcrübə bunu açıq şəkildə göstərir. XX əsrin ortalarında atom enerjisinin meydana çıxması və yeni neft-qaz yataqlarının aşkarlanması fonunda daş kömürün mərhələli şəkildə sıradan çıxacağı proqnozlaşdırılırdı. Hətta 1980-ci illərə qədər kömür hasilatının minimuma enəcəyi gözlənilirdi. Lakin nəticə tam fərqli oldu. Bu gün dünyada illik daş kömür istehsalı rekord həddə – 8,5 milyard tona çatıb.

Burada əsas məsələ iqtisadiyyatların ucuz enerji ehtiyacıdır. Xüsusilə Çin nümunəsi bunu aydın göstərir. Qlobal daş kömür istehsalının təxminən 58%-i Çinin payına düşür və ucuz enerji olmadan bu ölkənin bugünkü sənaye və texnoloji gücə çevrilməsi mümkün olmazdı. Bu fakt göstərir ki, enerji keçidi yalnız ekoloji deyil, həm də iqtisadi və geosiyasi məsələdir.

Neft bazarında isə vəziyyət daha mürəkkəbdir. Elektro və hibrid avtomobillərin artması, enerji səmərəliliyinin yüksəlməsi və alternativ enerjinin genişlənməsi uzunmüddətli perspektivdə neftə tələbi zəiflədə bilər. Lakin hazırkı dünya maliyyə sisteminin “petrodollar” modeli üzərində qurulması neftin əhəmiyyətini qoruyur. Bu səbəbdən neftdən sürətli imtina təkcə enerji bazarına deyil, qlobal maliyyə sisteminə də ciddi təsir göstərə bilər.

Təbii qazın rolu isə yaxın illərdə daha da aktuallaşır. Süni intellekt, robotlaşma, elektromobillər və rəqəmsal texnologiyalar elektrik enerjisinə tələbi sürətlə artırır. Hazırda qlobal elektrik enerjisi istehsalında təbii qazın payı 22-23% təşkil edir və bu göstərici qazın enerji təhlükəsizliyində mühüm mövqeyini saxladığını göstərir. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin payı artsa da, enerji keçidinin gözlənildiyindən daha uzun zaman tələb edəcəyi aydın görünür.

Bu baxımdan Prezident İlham Əliyevin vurğuladığı “praqmatik yanaşma” anlayışı xüsusi əhəmiyyət daşıyır. Burada söhbət həm enerji təhlükəsizliyinin qorunmasından, həm də ənənəvi və alternativ enerji resursları arasında balanslaşdırılmış strategiyanın qurulmasından gedir. Azərbaycan da məhz bu yanaşma çərçivəsində həm neft-qaz sektorunu inkişaf etdirir, həm də yaşıl enerji layihələrinə investisiyaları artırır.

Nəticə etibarilə, qlobal enerji bazarında əsas məsələ alternativ enerjinin qalib gəlib-gəlməməsi deyil. Dünya artıq bu istiqamətdə hərəkət edir. Əsas məsələ bu keçidin hansı müddətdə və hansı iqtisadi-siyasi şərtlər daxilində baş verəcəyidir.

Müəllif: Elman Sadıqov-İqtisadçı

  • Əlaqədar Yazılar

    SpaceX Google ilə aylıq 920 milyon dollarlıq bulud Sİ hesablama müqaviləsi imzalayıb
    • İyun 5, 2026

    SpaceX Google ilə aylıq 920 milyon ABŞ dolları dəyərində bulud Sİ hesablamaları üçün müqavilə imzalayıb. “GDP Media” xəbər verir ki, söhbət…

    Davamı oxu
    McDonald’s ABŞ-da əmək bazarının sərtləşməsi fonunda kadr çatışmazlığı ilə üzləşib
    • İyun 5, 2026

    Fastfud şəbəkəsi bir sıra regionlarda işçi heyətinin işə götürülməsi ilə bağlı çətinliklər olduğunu bildirib. “GDP Media” xəbər verir ki, problem…

    Davamı oxu