Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ və Çin tərəfindən üzvlük ödənişlərinin dayandırılması və gecikdirilməsi fonunda ciddi maliyyə problemləri ilə üzləşə bilər. “GDP Media” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ABŞ və Çin birlikdə BMT-nin əsas büdcəsinin təxminən 42 faizini formalaşdırır. Hazırda ABŞ-ın təşkilata borcu 4 milyard dolları ötür. Çinin borcu isə 455 milyon dollar səviyyəsində qiymətləndirilir.
Bildirilir ki, Pekin bu həftə BMT-yə 850 milyon dollar məbləğində ödəniş edib. Buna baxmayaraq, təşkilatın maliyyə dayanıqlılığı ilə bağlı narahatlıqların davam etdiyi qeyd olunur.
Nəşrin yazdığına görə, üzv dövlətlərin ödənişləri vaxtında həyata keçirməməsi BMT-nin fəaliyyət proqramları və beynəlxalq layihələrinin maliyyələşdirilməsinə mənfi təsir göstərə bilər.


