Çin idxalı Avropanın kimya sənayesini təzyiq altında saxlayır
“GDP Media” xəbər verir ki, Avropa Komissiyası ucuz Çin məhsullarının artan axını fonunda Avropa İttifaqının kimya sənayesini dəstəkləmək üçün yeni tədbirlər paketi hazırlayır.
Politico-nun məlumatına görə, Aİ liderləri iyunun 18-19-da keçiriləcək sammitdə Çindən gələn həddindən artıq təklifin Avropa bazarına təsirini və bunun qarşısının alınması yollarını müzakirə edəcəklər. Lakin sənaye nümayəndələri hesab edirlər ki, Brüsselin qərar qəbuletmə prosesi çox ləngdir və yeni tədbirlərin qüvvəyə minməsi aylar, hətta illər çəkə bilər.
Kimya şirkətləri isə vəziyyətin kritik həddə çatdığını bildirirlər. Belçikanın kimya istehsalçısı Vynova şirkətinin vitse-prezidenti Rudi Miller Politico-ya açıqlamasında “Bütün kimya sənayesi qan itirir” ifadəsini işlədib.
Bir vaxtlar Avropanın ikinci ən böyük PVC istehsalçısı olan Vynova son illərdə Çin istehsalçılarının güclənən rəqabəti ilə üzləşib. Şirkət bildirir ki, Çin hələ 2019-cu ildə PVC-nin xalis idxalçısı olduğu halda, hazırda Avropa bazarında əsas rəqiblərdən birinə çevrilib.
Artan təzyiq nəticəsində Vynova Niderlanddakı istehsal müəssisələrindən birini bağlayıb, daha üç zavod isə hüquqi restrukturizasiya prosesinə daxil olub. Şirkət Çin istehsalçılarına qarşı antidempinq şikayəti təqdim etsə də, araşdırmaya hələ başlanılmayıb.
Avropa Kimya Sənayesi Şurasının (Cefic) məlumatına görə, son üç ildə Avropa kimya sənayesi istehsal gücünün təxminən 10 faizini itirib. Bu dövrdə sektorda 20 minə yaxın iş yeri də bağlanıb.
Ekspertlər hesab edirlər ki, Avropa Komissiyasının atacağı addımlar sənayenin gələcəyi baxımından həlledici əhəmiyyət daşıyacaq. Əks halda, Çin məhsullarının artan bazar payı Avropa istehsalçılarının mövqeyini daha da zəiflədə bilər.


