Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mərkəzi Univermaqda zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla növbəti maarifləndirmə görüşü təşkil edib.
“GDP Media” xəbər verir ki,tədbirdə qiymətli metallar və daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, əyarlama xidməti, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, habelə sahibkarların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
İştirakçılara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları, onların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah olunub. Eyni zamanda, əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəyə buraxılması hallarında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb.
Görüş interaktiv müzakirə formatında davam edib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.


