Böyük Britaniya 39,9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları energetika sektoruna yönəldilib.
“GDP Media” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr edilmiş tədbirdə bildirib.
O əlavə edib ki, iki ölkə arasındakı münasibətlərdə energetika sahəsindəki əməkdaşlıq xüsusi yer tutur: “1994-cü ildə BP ilə səmərəli tərəfdaşlığın əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması bu qarşılıqlı fəaliyyətin təməli olub. Son üç onillik ərzində bu əməkdaşlıq həm hər iki ölkə, həm də bütün region üçün əhəmiyyətli nəticələr verib”.
Zeynalov əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kimi iri layihələr qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
“Bu ayın əvvəlində AÇG yatağının dərin qatlarından təbii qaz hasilatının başlanmasına həsr olunmuş mərasim keçirilib. Bu, həmin yatağın inkişafında yeni tarixi mərhələdir. “Deep-gas” layihəsi Azərbaycanın qaz hasilatının və ixrac potensialının artırılması üçün strateji əhəmiyyətə malikdir. Layihə çərçivəsində işlənilən qaz ehtiyatları növbəti illərdə Azərbaycana gələcək xarici investisiyalar üçün zəmin yaradacaq”, – nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq genişlənib “yaşıl” energetika və dekarbonizasiya sahəsində təşəbbüsləri əhatə edir. 2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündə olan “Şəfəq” günəş elektrik stansiyası, eləcə də bu layihənin Səngəçal terminalının dekarbonizasiyasına gələcək töhfəsi karbohidrogen və yaşıl energetikanın inteqrasiyasını əyani şəkildə nümayiş etdirəcək.
Zeynalov həmçinin vurğulayıb ki, energetika sektorundan əlavə, Böyük Britaniya ilə əməkdaşlıq ticarət, investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə edən çoxprofilli tərəfdaşlığa çevrilib.


