Çin şirkəti “Abşeron” yatağının işlənməsində SOCAR-ın tərəfdaşı ola bilər.
“GDP Media” xəbər verir ki, bu məsələ SOCAR-ın vitse-prezidenti Babək Hüseynov ilə Çin tikinti korporasiyası COOEC-in baş direktor müavini Van Vey arasında keçirilən görüşdə müzakirə olunub.
Görüş zamanı tərəflər enerji layihələri üzrə əməkdaşlıq imkanlarını, xüsusilə “Abşeron” yatağının inkişaf perspektivlərini müzakirə ediblər. Bildirilib ki, yataq gündəlik 12,7 milyon kubmetr qaz, illik isə 4,5 milyard kubmetr qaz hasilatı potensialına malikdir. Bundan əlavə, yataqda gündə 35 min barel kondensat hasil olunacağı gözlənilir.
Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycanın iri qaz layihələrindən biri hesab olunur və onun tam gücü ilə istismarı ölkənin enerji ixrac imkanlarının genişlənməsinə töhfə verə bilər.


