Apple şirkəti iPhone istifadəçiləri üçün restoran hesabının foto vasitəsilə bölüşdürülməsi funksiyasını təqdim etməyi planlaşdırır. Bu barədə Bloomberg agentliyinin icmalçısı Mark Qurman məlumat verib.
GDP Media xəbər verir ki, yeni funksiya istifadəçilərə qrup şəklində keçirilən tədbirlər zamanı hesabdakı sifarişləri ayrı-ayrı şəxslər üzrə bölüşdürməyə imkan verəcək. Bundan sonra istifadəçilər həmin şəxslərə ödəniş sorğusu göndərə biləcəklər. Sistem həmçinin hesabda hər bir şəxsin payını, o cümlədən bəxşiş məbləğini də avtomatik hesablaya biləcək.
Bildirilir ki, funksiya Messages və Wallet tətbiqləri vasitəsilə işləyəcək. Apple Watch istifadəçiləri isə ödənişləri ağıllı saat vasitəsilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı, Wallet tətbiqinə daha bir yenilik əlavə olunacaq. İstifadəçilər tədbirlər, idman zalları və digər məqsədlər üçün rəqəmsal keçid kartları yarada biləcəklər.
Yeni funksiyaların iOS 27 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra əlçatan olacağı gözlənilir. Yenilənmiş sistemin rəsmi təqdimatı iyunun 8-nə planlaşdırılıb. Həmin gün iOS 27-nin ilk beta versiyası da istifadəyə veriləcək.


