Qubada keçirilən “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən müşavirədə, fermerlərdən biri təsərrüfat sahəsinin su altında qaldığını, lakin sığorta şirkətinin dəyən zərəri ödəmədiyini bildirərək narazılığını ifadə edib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev məsələ ilə bağlı çıxış edərək hər hansı qurum və ya institut haqqında ümumiləşdirilmiş şəkildə belə fikirlər səsləndirməyin düzgün olmadığını bildirib.
O qeyd edib ki, konkret fakt və əsaslar olduğu halda məsələ araşdırılmalıdır.
Z.Nağdəliyev fermerə müraciət edərək şikayətini yazılı şəkildə təqdim etməsini istəyib və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılacağını bildirib: “Əgər konkret problem varsa, onu yazılı şəkildə təqdim edin, araşdıraq və məsələyə baxılsın”.
Bununla yanaşı, Z.Nağdəliyev fermer və sahibkarları aqrar sığortadan daha fəal istifadə etməyə çağırıb.
“Təbii fəlakətlər və digər risklər qarşısında təsərrüfatların qorunması üçün sığorta vacib alətlərdən biridir. Sahibkar risklərlə üzləşəndə tək qalmamalıdır. Dövlət bu sahədə bütün imkanları yaradıb. Ona görə də fermerlər və sahibkarlar sığortalanmalı, sığorta sisteminin təqdim etdiyi imkanlardan maksimum yararlanmalıdırlar”.


